Qriqoryan az qala hər ay Tehrana çağırılır

İranın ilk narahatlığı həmişəki kimi Zəngəzur dəhlizi ilə bağlıdır
  
"Tehran yalnız Zəngəzur dəhlizinin açılmasından narahat deyilmiş, Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi də İrandakı dairələri çaşbaş salıb". Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, Tehran Azərbaycanın ildırım sürətilə Qarabağın tamamını nəzarətə götürməsini gözləmirdi: "Təsadüfi deyil ki, İran rəsmiləri Azərbaycanın 24 saat çəkən uğurlu antiterror əməliyyatından dərhal sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağırdılar. Qriqoryan oktyabrın ilk günü Tehrana getdi. Ümumiyyətlə, Tehran Armen Qriqoryanı az qala hər ay Tehrana çağırır. Tehran nədən bu qədər narahatdır? İranın ilk narahatlığı həmişəki kimi Zəngəzur dəhlizi ilə bağlıdır. Tehran hesab edir ki, Azərbaycan uğurlu antiterror əməliyyatından sonra diqqəti Zəngəzur dəhlizinin açılmasına yönəldəcək və Türkiyə bu məsələdə Bakıya dəstəyini artıracaq".
  Analitikin fikrincə, Tehran qorxur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə Ankaranın təzyiqləri qarşısında tab gətirməyərək Zəngəzur dəhlizini açacaq: "Ona görə də Tehran Qriqoryan vasitəsilə Paşinyana mesaj göndərir ki, “möhkəm ol, mövqeyindən çəkinmə!”. Tehranın digər narahatlığı İranda yaşayan azərbaycanlılarla bağlıdır. Azərbaycanın uğurlu antiterror əməliyyatı ilə Qarabağın tamamını nəzarətə götürməsi İranda yaşayan azərbaycanlıların böyük qismində ruh yüksəkliyi yaradıb. Bunu Güney Azərbaycandan gələn məlumatlar da təsdiqləyir. Tehran bu ruh yüksəkliyindən narahatdır. Ancaq Tehran bunun qarşısını necə ala bilər ki? Tehranın yeganə alternativi Azərbaycanla münasibətləri normallaşdırması, o cümlədən Azərbaycana qarşı təxribatçı açıqlamalara son verməkdir. Ancaq Tehranda bunu bacarmırlar, “adətlərindən” əl çəkmirlər, “qırmızı cizgilər” siyahısına Qarabağ separatçılarını da daxil ediblər".