USAİD hara ayağını basıb təlatümlər gətirib - Qara kabus...


Təşkilat hələ də digər dövlətlərin daxili işlərinə fəal şəkildə müdaxilə etməyə çalışır


  Bir neçə gün əvvəl Gürcüstan DTX bu ölkədə hökumətin devrilməsinə, ölkədə inqilabi proseslərin planlaşdırılmasına ABŞ tərəfindən vəsaitin ayrıldığı barədə məlumat yayıb. Bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Amerikanın pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir. Eyni zamanda, məlumdur ki, ölkənin Dövlət Təhlükəsizliyi Xidməti oktyabr-dekabr aylarında Gürcüstanda dövlət çevrilişinə cəhdin olacağı ilə bağlı məlumat yayıb. Qonşu ölkədə baş verən son hadisələr ABŞ kəşfiyyatının orada dövlət çevrilişinə hazırlaşdığını göstərir. Ümumiyyətlə, Gürcüstanda baş vermiş qalmaqal ilk hal deyil. USAID-in adı işlədiyi ölkələrdə daim siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və digər hadisələrdə hallanıb. Bu təşkilat ABŞ-nin digər ölkələrin daxili işlərinə açıq şəkildə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rol oynayır. Bu gün Gürcüstanın üzləşdiyi problemləri Azərbaycan çoxdan yaşayıb. Vaxtilə Azərbaycanda da oxşar tendensiyalar müşahidə olunub. ABŞ-nin və Avropanın Azərbaycanda fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatları ictimai-siyasi prosesləri manipulyasiya etməyə çalışıblar. Onlar bəzi sahələrdə Azərbaycan dövləti ilə əməkdaşlıq etsələr də, necə deyərlər, əsas “missiyaları”nı unutmayıblar. USAID, həmçinin vaxtilə Azərbaycanda “NİDA”, “Dalğa” kimi təşkilatları maliyyələşdirib, hökumət əleyhinə qeyri-qanuni aksiyalar təşkil edib. Bu təşkilatın bu və bir sıra digər faktlarla ifşa olunmasına baxmayaraq, o, öz “missiyası”ndan əl çəkmək niyyətində deyil. USAID hələ də digər dövlətlərin daxili işlərinə fəal şəkildə müdaxilə etməyə çalışır. Qeyd edək ki, hazırda USAID-ə ermənipərəst Samanta Pauer rəhbərlik edir. Qatı ermənipərəst mövqe tutan qadının Ermənistan dövləti tərəfindən “dəyərli tərəfdaş” adlandırılması heç də təsadüfi deyil.
  Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Sherg.az"a bildirib ki, Gürcüstan hökumətinin bu bəyanatı MDB məkanında, Şərqi Avropada yerləşən dövlətlər üçün ciddi xəbərdarlıqdır. Ekspertin sözlərinə görə, dünyada mövcud olan ayrı-ayrı hegemon dövlətlər və dairələr arasında bölgələr uğrunda kəskin mübarizə gedir:

"USAİD kimi təşkilatlar bir sıra ölkələrə nüfuz edərək orada dini, siyasi, milli ideologiya istiqamətində müəyyən işlər aparırlar. Bu siyasət daha çox gənclər, vətəndaş cəmiyyəti institutları, media ilə reallaşdırılır. USAİD həm Ermənistanda, həm də Gürcüstanda artıq üçüncü onillikdir ki, öz fəaliyyətini genişləndirir. Bu fəaliyyət nəticəsində həmin ölkələrdə vətəndaş cəmiyyəti və medianın əksər üzvləri, müxtəlif hərəkatlar USAİD-in maraqlarından çıxış edirlər. Hətta iş o yerə çatıb ki, onlar Azərbaycanla bağlı edə bilmədiklərini də məhz Gürcüstan vasitəsilə həyata keçirmək istəyirdilər. Azərbaycanın müxtəlif fəallarının, ictimai nümayəndələrinin Gürcüstana çağırılması, media və QHT-nin iştirakı ilə müəyyən mövzuların müzakirəsi baş tuturdu. İlk baxışdan mövzular cəlbedici görünsə də, əslində USAİD-in öz siyasi maraqları ön planda idi. Bu maraqlar dövlətlərin suverenliyini dağıtmaq istiqamətinə yönəldilib.
  2014-cü ildə USAİD müstəqil medianın inkişafı üçün Azərbaycana 2.4 milyon dollar qrant ayırmışdı. "NİDA", "Dalğa" hərəkatlarını ciddi şəkildə dəstəkləyirdi, onlara maliyyə ayırırdı. Hətta Qarabağda antiterror tədbirlərinin olmaması üçün Azərbaycanda yeni "sülh quşları" meydana çıxarılmışdı. "Müharibəyə yox" deyənlər üzə çıxmışdı ki, onlar da əslində USAİD kimi təşkilatlarla əlbir idilər. Əlbəttə ki, onlar öz məqsədlərinə çatmayacaqlar. Azərbaycan heç bir qrupların, dairələrin ölkəmizə nüfuz etməsinə imkan verməyəcək və bunun qarşısını qətiyyətlə alacaq".
  Z.Məmmədov diqqətə çatdırıb ki, Gürcüstan və Ukraynada adıçəkilən fondun fəaliyyətə başlamasından sonra bu ölkələrin digər dövlətlərlə münaqişələri, problemləri yaranıb: "Bu ölkələrdə ciddi formada milli identikliklə bağlı, xarici siyasətdəki istiqamətlərlə bağlı ideoloji baxış bucaqlarından fərqlər yarandı, cəmiyyət parçalandı. Azərbaycan hökumətinin apardığı uğurlu siyasət isə bu təhlükənin cəmiyyətimizə nüfuz etməsinə imkan vermədi. Onlar Azərbaycanla bağlı istəklərinə çatmadılar və bundan sonra da çatmayacaqlar. Qonşu ölkələrdən fərqli olaraq biz bunun qarşısını alacağıq".