Kremlin qisası ağır olacaq - RƏY

Rusiyada yaşayan ermənilər də Paşinyan hökumətinə təzyiq variantı kimi ölkədən çıxarıla bilər


  Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. 60 nəfər lehinə, 22 nəfər isə əleyhinə səs verib. Kreml Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinə qarşı “qeyri-qanuni göstərişləri” fonunda İrəvanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir. Ermənistan rəsmiləri isə bəyan edirlər ki, ratifikasiya Rusiyaya qarşı yönəlməyib və İrəvan mövcud vəziyyətlə bağlı Moskvaya müvafiq təkliflər göndərib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ermənistanın Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından yanlış addım hesab etdiyini söyləyib. Peskov vurğulayıb ki, Rusiya Ermənistan xalqını qardaş hesab edir, lakin Moskvanın bu ölkənin rəhbərliyinə sualları var: "Kreml istəməzdi ki, Vladimir Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun". Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə 17 mart tarixində qərar qəbul edib. Roma Statutunu ratifikasiya edən ölkələr BCM-nin qərarını yerinə yetirməlidir. Ermənistan parlamentinin spiker müavini Akop Arşakyan deyib ki, Roma Statutunu ratifikasiya etməsi Rusiyaya qarşı yönəlməyib: “Roma Statutunun ratifikasiyası bizim bəzi rusiyalı həmkarlarımızın təqdim etdiyi kimi Rusiya, yaxud Rusiya prezidentinə qarşı qeyri-dost hərəkət deyil”. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə deyib ki, Roma Statutunun ratifikasiyası Ermənistan və onun vətəndaşları üçün problemlər yaradacaq. Onun sözlərinə görə, bu, düşünülməmiş, strateji cəhətdən düzgün olmayan qərardır: “Bu qərarı qəbul edənlər səbəbi izah etməlidirlər. Ölkələrimiz arasında münasibətlərin inkişafı xalqlarımızın seçimidir. Sözügedən sənədin ratifikasiyası isə bu inkişafa ziddir”.
Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komissiyasının sədr müavini Aleksey Çepa da bildirib ki, Roma Statutunun ratifikasiyasına töhfə vermiş erməni deputatlara qarşı sanksiyaların tətbiqi ehtimalını istisna etmək olmaz: “Ermənistan Baş naziri Nikol Paşinyanın rusofob siyasəti ABŞ-nin təzyiqi altında baş verir, lakin bu cür hərəkətlərə görə deputatlar da məsuliyyət daşıyırlar”.
  Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell isə qərarı alqışlayıb: “AB sənədi ratifikasiya etməmiş bütün dövlətləri İrəvandan nümunə götürməyə çağırır”.
  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan parlamentinin Roma Statutunu ratifikasiya etməsi Rusiya-Ermənistan münasibətlərini daha da ağırlaşdıra bilər. Analitik hesab edir ki, İrəvanın bu cür addımlar atması Moskvanı daha da hiddətləndirir və əlaqələrə zərbə vurur:

"Beynəlxalq Cinayət Məhkəməsində Ukrayna ilə müharibədən dolayı Rusiya Prezidenti V.Putinə cinayət işi açılıb. Ermənistan parlamentinin əsasnaməni təsdiqləməsindən sonra Rusiya rəhbəri Emənistana gedə bilməz. Əgər gedərsə, həbs olunmalıdır. Bu, çox ciddi məsələdir və iki ölkə arasında münasibətləri kifayət qədər kəskinləşdirə biləcək məqamdır. İrəvanın Rusiya ilə bağlı sərgilədiyi mövqe Paşinyan hökuməti üçün də ciddi təhdid yarada bilər. Ermənistan daxilində də gərginliyin yaranması ehtimalı var. Rusiyada yaşayan ermənilər də Paşinyan hökumətinə təzyiq variantı kimi ölkədən çıxarıla bilər. Bu da ciddi böhranlara səbəbiyyət verər".