Ləğv olunan Qranada görüşü: Türkiyə qorxusu - PƏRDƏARXASI

Qranadada anti-Azərbaycan masası ləğv olundu

  Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin növbəti iclasına qatılmaqdan imtina edib. Qranadada Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolt və AB Şurasının prezidenti Şarl Mişellə görüş gözlənilirdi. Hələ ötən gün AB-dən verilən açıqlamada görüşün dəqiqləşmədiyi, Şarl Mişelin tərəflərlə görüşün təşkili üçün danışıqları davam etdirdiyi, nəticənin qısa zamanda bəlli olacağı açıqlanmışdı. Məsələ ondadır ki, Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilmədi. Xüsusilə Fransa və Almaniya buna qarşı çıxdı. Əlbəttə, Azərbaycana təklif olunan beşli formatda anti-Azərbaycan ab-havası formalaşacağı şübhəsizdir. Xüsusilə Fransa və Almaniyanın Azərbaycana qarşı tutduğu son mövqe, o cümlədən Fransa XİN başçısının İrəvana səfəri, ölkəmizə qarşı ədalətsiz, regionda münasibətləri gərginləşdirməyə xidmət edən açıqlamaları görüşü mümkünsüz edib. Həmçinin, Fransa XİN başçısının Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi, silah-sursat veriləcəyi haqda bəyanatı, Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması görüşün müqəddəratını həll edib. Qeyd edək ki, Azərbaycan regiona müzakirələrdə region ölkələrinin, xüsusilə Türkiyənin iştirakında israrlıdır. Azərbaycanın bu mövqeyi region ölkələrinin maraqlarına tam cavab verir. Çünki qeyri-region ölkələrinin bölgəyə hərbi-siyasi yerləşmə cəhdlərini artırması Cənubi Qafqazda münasibətləri gərginləşdirməklə yanaşı, destabilizasiya yaradır. Onu da xatırladaq ki, Azərbaycan 2020-ci ilin 10 noyabr qələbəsindən sonra regional məsələlərin həlli üçün “3+3” formatını təklif edib. Hazırda İran da qəti şəkildə bu formatın tərəfdarı olduğunu Ermənistana bəyan edib. Təsadüfi deyil ki, İranda səfərdə olan Ermənistan TŞ katibi Armen Qriqoryana qeyri-region ölkələrinin regiona müdaxiləsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib və “3+3” formatlı platformanın vacibliyi vurğulanıb.
  Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qranada görüşündə iştirakdan imtina etməsinə münasibət bildirib. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Avropa İttifaqı ölkələri və Ermənistanın iştirakı ilə planlaşdırılan görüşdən imtina etməsini rəsmi Bakının suveren hüququ olduğunu söyləyib: “Azərbaycanın Aİ ölkələri və Ermənistanın iştirakı ilə görüşdən imtinası Azərbaycanın suveren hüququdur”.
  Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, Azərbaycanın Qranada görüşündən imtina etməsinin səbəbi Fransa və Almaniyanın Türkiyənin masada iştirakına qarşı çıxmasıdır. Ekspertin fikrincə, yeganə səbəb bu deyil və burada iki mümkün hədəf var: 

"Birinci səbəb Ermənistanın üstünlük qazanmaq imkanının əlindən alınmasıdır. İrəvanın kommunikasiyanın açılması və sərhədin delimitasiyası məsələsinə öz yanaşması var. İrəvan Naxçıvana “maneəsiz keçid”i, Zəngəzur dəhlizini vermir. Sərhəddə “güzgü prinsipi”ni – qoşunların qarşılıqlı geri çəkilməsini istəyir. Buna yalnız Qərb platformasında nail olmaq imkanı var. Bu kontekstdə Qranada görüşü Ermənistan üçün əhəmiyyətli idi. Qranada görüşündə Azərbaycana təzyiqin ediləcəyi gözlənilirdi. Bu, təkcə sülh danışıqlarında İrəvanın mövqeyinin gücləndirilməsi ilə bağlı yox, həm də Qarabağ məsələsi ilə bağlı ola bilərdi. Qərbin “beynəlxalq missiya” adı altında bölgəyə daxil istəyi ortadadır. Rəsmi Bakının Türkiyənin də görüşdə iştirakını tələb etməsi bundan qaynaqlanır. Dövlət başçısı İlham Əliyev nəticəsi əvvəldən bəlli olan görüşə getməməklə İrəvanın üstünlüyünü əlindən aldı. Digər yandan Cənubi Qafqaza kənar müdaxilələrin zəiflədilməsi addımıdır. Antitrerror tədbirlərinin nəticəsi olaraq Qarabağ məsələsi sülh danışıqlarından çıxarıldı. Artıq İrəvanın bu kartdan istifadə imkanı zəifdir. Bundan sonrakı mərhələdə sülh sazişinin imzalanması prosesinin sürətlənəcəyi görünür və burada əsas həlledici amil Zəngəzur dəhlizinin açılması, daha doğrusu, bu kommunikasiyanın “yol”, yoxsa, “dəhliz” məntiqi ilə açılmasıdır. Azərbaycan və Türkiyə Naxçıvana “maneəsiz keçidin təmin edilməsini tələb edir".
  A.Nərimanlı vurğulayıb ki, Rusiya da bölgədə rıçaqlarını qorumaq, həm öz qoşunlarının dayanacağı yeni plasdarm yaratmaq, həm də Ermənistana yeni quru yol əldə etmək üçün “dəhliz məntiqi”ni müdafiə edir: "Qərb Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını zəiflətmək, eyni zamanda bölgədə iştirakçılıq payını artırmaq üçün Ermənistanın nəzarət edəcəyi “yol məntiqi”ni irəli sürür. Azərbaycan, Türkiyə və Rusiyanın Cənubi Qafqazla bağlı istəkləri uzlaşır. İstəklərə nail olmağın yolu kənar oyunçuların prosesə müdaxiləsinin qarşısını almaq, Ermənistanın “altertiv qapılarını” bağlamaqdan keçir. Bu məqsədlə dördtərəfli format - Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan - təklif edildi və sülh sazişinin bu formatda imzalanması planı var. Ölkə başçısının Qranadaya getməkdən imtina etməsi Cənubi Qafqazda proseslərin perspektiv inkişafını müəyyənləşdirmək gedişi hesab edilə bilər. İrəvan Bakı və Ankaranın şərtlərinin qoyulduğu, Moskvanın da dəstəklədiyi masaya gəlməlidir. Qarabağda 24 saatlıq “həll əməliyyatı”nın regional hədəfi də bu idi".
  Politoloq Turan Rzayev də "Sherg.az"a bildirib ki, Azərbaycanın görüşdə imtina etmə səbəbləri diqqət çəkir. Analitik deyib ki, görüşdə Türkiyənin iştirakı təklifinin geri çevrilməsində Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib:

"Fransa və Almaniyanın mövqeyi bu məsələdə eynilik təşkil edir. Hər iki ölkə Ankaranı formata daxil etmək istəmir. Lakin müzakirə ediləcək məsələnin Ermənistanla Azərbaycan arasında sülh gündəliyi olduğunu nəzərə alsaq, rəsmi Bakının görüşdə Ankaranın iştirak etməsini istəməsi təbiidir. Azərbaycan bu addım ilə bir daha diktə edilən deyil, diktə edən tərəf olduğunu nümayiş etdirmiş oldu. Bundan başqa Ankaranın tərəf kimi qəbul edilmədiyi bir platformada Bakının da iştirak etməsi mümkün deyil. Bütün hallarda Qərbin sərgilədiyi mövqe qərəzlidir. Qarabağ ermənilərinə ərazini tərk etməmələri, qalıb Azərbaycan vətəndaşı olmaları yönündə təklif verilib. Onların Qarabağı tərk etməsi tamamilə subyektiv seçimdir".