Paris təxribatlarına davam etməkdədir - Millət vəkili

Fransa Cənubi Qafqazda gedən proseslərə təsir göstərmək və bölgəni qarışdırmaq niyyəti güdür

  Fransa hər zaman olduğu kimi qərəzini davam etdirir, Cənubi Qafqazda sülh prosesinə əngəl olmaqda davam edir. Rəsmi Paris Ermənistanı silahlandırmaq, onu yeni münaqişələrə cəlb etməklə bölgəni gərginliyə sürükləməyi prioritet siyasətinə çevirib. Xarici işlər naziri Ketrin Kolonnanın İrəvana səfəri də məhz bu çirkin missiyanı reallaşdırmağa yönəlib. Kolonnanın “Fransa hər zaman Ermənistanın yanındadır” ifadəsi, nəhayət ki, Fransanın vicdanlı və neytral vasitəçi olmaq iddiaları üzərindən qalın bir xətt çəkdi, bütün maskaları yırtıldı. Azərbaycan Qarabağda antiterror tədbirləri ilə separatçıların fəaliyyətinə son qoyaraq bölgəyə hakimliyini təmin edib. Artıq Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesinə start verilib. Ölkəmiz beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarında qanunun aliliyini bərpa etməyə başlayıb. Fransa isə bütün bunlarla barışa bilmir. Arada qalan, inkişaf və tərəqqidən məhrum olacaq ölkə yenə də Ermənistan olacaq. Bu ölkə hələ də anlamır ki, inkişaf, tərəqqi sülh və əmin-amanlıqdan keçir. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləməyə, 1 milyon azərbaycanlı qaçqın və köçkünün iztirablarına göz yuman, hətta bunu ört-basdır edən Fransa riyakarcasına Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışır. Ermənistan üçün ən təhlükəli olan Kolonnanın Ermənistanla hərbi yardım barədə sazişin imzalanması, Avropa İttifaqı missiyasının mandatının gücləndirilməsi barədə fikirləridir. Rəsmi Paris bu addımı ilə Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməkdə maraqlı olduğunu göstərmiş olub. Ermənistan isə militarizmə və revanşizmə sövq etmək kimi təhlükəli oyuna baş vurur. 30 ilə yaxın müddətdə azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləvi şəkildə qovulmasına, onlara qarşı müharibə cinayətləri və kütləvi qırğınlar törədilməsinə heç zaman əhəmiyyət verməyən Fransanın, indi heç bir əsas olmadan və BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatların səsləndirdiyi mövqeyə tamamilə zidd olaraq bölgədən könüllü əsasda getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır.
  Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, hələ də Fransa öz təxribatlarından əl çəkmir. Deputatın sözlərinə görə, Fransa tərəfi Azərbaycanın atdığı addımlara baxmayaraq, təxribatlarına davam etməkdədir: "Fransa uzun illərdir eyni münasibəti sərgiləyir. Əvvəlki dönəmlərdə də bənzər bəyanatların, addımların şahidi olmuşuq. Əfsuslar olsun ki, Fransa dərk etmir ki, belə qərəzli addımların heç bir nəticəsi olmayıb və olmayacaq. 2020-ci ildə də Fransa nəyəsə ümid edirdi. Ermənistanı dəstəkləməklə bölgəmizə burnunu soxmağa çalışırdı. Lakin Azərbaycan ən mükəmməl formada kənar müdaxilələrin qarşısını aldı. İndi də Fransanın Ermənistanla birgə hərəkətləri mənasızdır. Bunlar Azərbaycanın haqlı və qətiyyətli mövqeyində hansısa dəyişiklik yarada bilməz. Atdığımız addımlar da bunu açıq şəkildə göstərir. Fransa Cənubi Qafqazda gedən proseslərə təsir göstərmək və bölgəni qarışdırmaq niyyəti güdür. Bu, birmənalı mümkün olmayacaq, çünki rəsmi Bakı bütün məkrli fəaliyyətlərin önünü kəsəcək. Fransa Azərbaycanın daxili işlərinə burnunu soxmaqdansa, yaxşı olar ki, öz daxili problemləri ilə məşğul olsun. Əks halda Azərbaycan Fransa ilə bağlı daha sərt və konkret addımlar atmaq məcburiyyətində qalacaq".