Abxaziyadakı Oçamçira buxtasında Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün daimi baza yaradılacaq.
Bu barədə qondarma “abxaziya respublikası”nın “prezidenti” Aslan Bjaniya “İzvestiya”ya açıqlamasında deyib.
“Biz müqavilə imzaladıq və yaxın gələcəkdə Oçamçira buxtasında donanma üçün daimi baza olacaq”, - Bjaniya bildirib.
Onun sözlərinə görə, bu, həm Rusiyanın, həm də Abxaziyanın müdafiə qabiliyyətini artıracaq:
“Hərbi əməkdaşlıq sahəsində artıq çox işlər görülüb, lakin ölkələr hələ də bir çox addımlar atmalıdır. Rusiya bizə dəstək verir, mütəxəssislərimiz daim Rusiyanın xüsusi müəssisələrində təkmilləşdirmə kurslarından keçirlər, ona görə də bu məsələ, təbii ki, heç vaxt gündəmdən düşmür”.
Rusiyanın gələcəyə planlanmış addım atdığını söyləyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, burada iki versiya gündəmdə ola bilər:
"Birincisi, Qərb, xüsusən də ABŞ Qara dənizdə möhkəmlənmək istəyir. Bilirsiniz ki, Qərb Türkiyəyə "Montrö" müqaviləsindən çıxıb NATO-nun hərbi iştirakını limitləməməsi üçün təzyiq edir. Lakin Ankara hələ müqavimət göstərir. Bunun qarşısını almaq üçün isə NATO Rumıniya və Bolqarıstanda hərbi bazalarını gücləndirir. Bu bazaların ABŞ-yə xidmət etdiyi açıq məsələdir. Rusiya da bunun qarşılığında özünü Qara dənizdə gücləndirməyə çalışır. Yəni Kreml perspektivdə düşünür ki, Krıma qarşı təhlükələr arta bilər. Çünki Ukrayna artıq Krım körpüsünü vurur. Bu mənada Moskva hesablayır ki, Krımdakı donanmanın fəaliyyətində problem olma ehtimalı var. Ona görə də "Abxaziya"da alternativ baza hazırlayır".
Analitikin sözlərinə görə, Ermənistandakı bazasının yerləşdiyi Gümrüdə problem yaranarsa, Rusiya bunu Gürcüstana daşımağı fikirləşə bilər:
"Amma Gürcüstan hakimiyyəti Qərb və Avropa İttifaqının təzyiqlərinə görə buna razılaşa bilməyəcək. Ona görə neytral bölgə kimi "Abxaziya" seçilib. Çünki "Abxaziya" Gürcüstan ərazisi olsa, da onun nəzarətində deyil. Ümumiyyətlə Rusiyanın Gümrüdəki bazanı əldən verməmək üçün sonuna qədər müqavimət göstərəcəyini düşünürəm. Hətta Paşinyana gözdağı vermək üçün rus ordusunun Mehridə hərbi təlimlərə başlayacağı bildirilib. Böyük ehtimalla bu Ermənistanla razılaşdırılmayıb. Digər tərəfdən Rusiya ordusu məcburiyyətindən Gümrünü tərk də edə bilər. O zaman məcbur qalacaq ki, bazasını "Abxaziya"ya yığsın. Hər halda "Abxaziya"da yaradılacaq baza Gürcüstana təzyiq vasitəsi kimi və ya Qara dənizdə ABŞ-nin möhkəmlənməsinə qarşı atılan addım kimi də dəyərləndirilə bilər".