“ABŞ Ukraynaya yardımı dayandırarsa, Avropa İttifaqı bunu kompensasiya etmək iqtidarında deyil”.
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa ABŞ-ni əvəz edə bilməz: “Əlbəttə, biz daha çox şey edə bilərik, lakin ABŞ Ukraynaya kömək etmək üçün əvəzsizdir”.
J.Borel Vaşinqtonu Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.
Açıqlamanı “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, ABŞ və Avropa arasında Ukraynaya dəstəklə bağlı fikir ayrılıqları yaranıb:
"ABŞ Ukraynanı dəstəkləməyə davam edir. Çünki rəsmi Vaşinqtonun öz strateji maraqları var. Həmçinin Ukraynadakı müharibənin ssenari müəllifi də elə Amerikadır. Digər tərəfdən Avropa ölkələrinin resursları tükənir. Onlar düşünürlər ki, bu qədər silah-sursat verdiyimiz təqdirdə heç bir nəticə yoxdur və özümüz zəifləyirik. Jozep Borelin demək istədiyi də məhz budur. Bəlkə də o siyasi mesaj verib ki, əgər ssenari müəllifi ABŞ-dirsə, məsələ ilə özü məşğul olmalı və dəstək gözləməməlidir. Hətta istisna etmirəm ki, gələcəkdə ABŞ və Avropa arasındakı fikir ayrılıqları daha da artacaq. Çünki müharibə nəinki, Rusiya və Ukraynanın, həmçinin Avropa ölkələrinin də iqtisadiyyatına mənfi təsir göstərməyə başlayıb. Borelin mesajı da budur. Lakin bütün hallarda Ukraynaya dəstəyin davam etməli olduğunu düşünürəm. Əgər Kiyevə dəstək dayanarsa, bu Ukraynanın məhvi demək olar. Belə təqdirdə isə Ukraynanın Avropa və Rusiya arasında bölünməsi ssenarisi reallaşa bilər".
Qeyd edək ki, daha əvvəl Qərb ölkələrində Ukraynaya yardımla bağlı fikir ayrılığının yaranması barədə məlumat yayılmışdı.