Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Azərbaycana qarşı sanksiyaların tətbiqi səmərəsiz ola bilər.
“Report” bu barədə TASS telekanalına istinadən xəbər verir.
O, Avropa İttifaqının Qranada (İspaniya) sammitindən sonra keçirilən mətbuat konfransında deyib: "İndi sanksiyaların vaxtı deyil. Onlar səmərəsiz ola bilər".
Prezidentin sözlərinə görə, hazırda Azərbaycanla dialoqu davam etdirmək lazımdır.
Məsələyə münasibət bildirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Sherg.az"a bildirib ki, Fransa Avropa İttifaqı çərçivəsində bir sıra dövlətlərin Azərbaycana qarşı sanksiyaların tədbiqini alqışlamayacağını yaxşı başa düşür:
"Yəni rəsmi Parisin bu təşəbbüsü uğursuz ola bilər. Digər tərəfdən problem ondan ibarətdir ki, sanksiyalarla bağlı iki-üç dövlətin təşəbbüsü ola bilər. Bu səbəblə də İkitərəfli çərçivədə hansısa sanksiyanın tədbiqi effektiv olmayacaq. Eyni zamanda Azərbaycan Prezidentinin Qranadaya getməməsi Avropa İttifaqı tərəfindən aparılan sülh prosesinə təhlükə yaradır. Bu kontekstdə Şarl Mişel görüşün baş tutmasına səylər göstərir. Fransa isə bunu anlayaraq bir az kənara çəkilə bilər. Amma bunlara baxmayaraq hesab edirəm ki, Fransanın Azərbaycana qarşı fəaliyyəti dayanmayacaq. Hətta bu günlərdə Azərbaycan XİN-in mətbuat katibi də öz şərhlərini verib. Yəni Makronun sözləri heç də o demək deyil ki, Fransa və Azərbaycan arasındakı gərginliyə son qoyulur".