Rusiyanın hərbi doktrinasında nüvə silahından mümkün istifadənin iki səbəbi göstərilir.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışında deyib.
“Birincisi – bizə qarşı istifadə olunmasıdır. Yəni, cavab olaraq əks-zərbə... İkincisi isə Rusiya dövlətinin mövcudluğuna təhlükə yaranarsa... Əgər bizə qarşı hətta adi silahlardan istifadə edilərsə və Rusiyanın mövcudluğu təhlükəsi altına düşərsə...” - deyə Kreml rəhbəri bildirib.
Açıqlamanın hələlik mesaj karakteri daşıdığını deyən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a qeyd edib ki, Rusiya Ukrayna bataqlığında daha çox batmaması üçün xəbərdarlıq edir:
"Rusiyanın hərb doktrinasında nüvə silahından taktiki istifadə yer alıb. Orada bildirilir ki, nüvə silahından düşmənin hansısa nöqtələrinə zərbələr endirilə bilər. Yəni bu böyükmiqyaslı istifadə deyil. Ümumiyyətlə Kreml müharibədən əvvəl də belə xəbərdarlıqlar edib. İndi isə artıq Putin səviyyəsində bəyanatlar verilir. Bu isə Qərb üçün ciddi siqnal olmalıdır. Çünki Ukrayna xəmiri hələ çox su aparsa, Rusiya tərəfindən dövlətçiliyi qorumaq bəhanəsilə taktiki nüvə silahından istifadə həyata keçirilə bilər".