“İran və Azərbaycan arasında ticarət balansı əvvəlki vəziyyətinə qayıtmalıdır”.
Bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş bu gün Azərbaycana yola düşməzdən öncə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan-İran Birgə Əməkdaşlıq Komissiyasının azərbaycanlı həmsədri ilə Astara şəhərində görüşüb və uğurlu razılaşmalar əldə edildi.
“İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədrinin iştirakı ilə bu gündən sərhəd-keçid məntəqəsinin tikintisi üzrə iş podratçısı fəaliyyətə başlayacaq. Körpünün tikintisini Azərbaycan tərəfi öz üzərinə götürüb, yolun tikintisini isə İran tərəfi” – deyə İranın yol və şəhərsalma naziri vurğulayıb.
Mehrdad Bəzrpaş həmçinin bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyində baş verənlərlə bağlı iş Məhkəmə sisteminin rəhbəri və prezidentin nəzarətindədir və yaxın vaxtlarda təqsirkar barəsində hökm çıxarılacaq.
İran tərəfinin son bir ildə qonşu ölkələrlə iqtisadi əməkdaşlığı inkişaf etdirmək xəttini həyata keçirdiyini söyləyən politoloq Sədrəddin Soltan "Sherg.az"a bildirib ki, Azərbaycanla əlaqələrin genişləndirilməsi və rəsmilərin səfərləri də buna hesablanıb:
"Ancaq Tehran hakimiyyətinin davranışı və Azərbaycanın şərtlərinə laqeyd münasibəti iki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişafına böyük problem yarada bilər. Bir ilə yaxındır ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum olunub və İran bu terror aktını hələ də məişət hadisəsi kimi qələmə verir. Bu istiqamətdə aparılan cinayət işi artıq başa çatıb və Tehran prokurorluğu terrorçuya qarşı ən ağır cəzanı istəyib. Hökm isə hələ icra olunmayıb. Bu İranın Azərbaycanla danışıqlarından asılı olacaq. Yəni İran hakimiyyəti hökmün icrasını ləngitməklə Azərbaycanın davranışını izləyir. Bu mənada hətta münasibətlər gərginləşsə, onu sərbəst buraxa və ya işini yüngülləşdirə bilər".
Analitikin sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi iki ölkə arasındakı münasibətlərin göstəricisidir:
"Digər vacib məsələlər isə Ermənistana dəstək, Zəngəzur dəhlizi və İranda fəaliyyət göstərən anti-azərbaycan ünsürlərdir. Odur ki, bu tip açıqlamalar iki ölkə arasındakı münasibətlərin normallaşmasına nəzərdə tutulsa da, hələlik real əməli fəaliyyət yoxdur. Ona görə də münasibətlərin kövrək olduğunu və əməkdaşlığın bəyanatlardan kənara keçmədiyini görürük. İranlı nazirin səfəri də iqtisadi əməkdaşlığın genişləndirilməsinə hesablanıb".