Rusiya sülhməramlıları Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında keçmiş qoşunların təmas xətti boyunca yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıblar.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Əsgəran, Ağdərə və Şuşa rayonlarında tərəflərin keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə məntəqələrinin sökülməsi başa çatıb”,
Hadisəyə münasibət bildirən siyasi şərhçi Əli Zülfüqaroğlu "Sherg.az"a qeyd edib ki, Müdafiə Nazirliyinin Ağdərə, Şuşa və Əsgəranda müvəqqəti müşahidə məntəqələrinin sökülməsi ilə bağlı açıqlamasını Rusiya sülhməramlı kontingentinin bölgəni tərk etməsinin ilkin addımları kimi xarakterizə etmək olar:
"Çünki artıq Xankəndi Azərbaycan mərkəzi hakimiyyətinə tabe etdirilib və oradakı silahlı terrorçu qüvvələr tərksilah olunub. Buna görə də "10 Noyabr" bəyannaməsində Rusiya sülhməramlılarının fəaliyyətinin özündə ehtiva etmiş 3-cü maddə qüvvədən düşmüş sayılır. Bunu Rusiya Prezidenti Vladimir Putin də "Valday" forumunda dolayısı yolla ifadə edib. O bildirib ki, rus sülhməramlılarının bölgədə fəaliyyəti üçün heç bir hüquqi əsas yoxdur. Təbii ki, bundan sonra sülhməramlı kontingentin fəaliyyəti Azərbaycandan asılıdır. Ancaq düşünmürəm ki, rəsmi Bakı sülhməramlı kontingentin bölgədə qalması ilə bağlı razılıq versin".