Qranada sammitində fiasko: Beynəlxalq aləm cavab verə bilmir! - RƏY

Həqiqətin boyu o qədər yüksəkdir ki, haqlı suallarımıza cavab verə bilmirlər

  Avropa Şurasının sədri Şarl Mişel İspaniyanın Qranada şəhərində jurnalistlərin suallarını cavablandırıb. İTV televiziyasının xəbərlər üzrə direktoru Fikrət Doluxanov Ş.Mişelə bir sıra suallar ünvanlayıb. Məsələn, soruşub ki, “Aİ Qarabağdan və Ermənistandan köçmək məcburiyyətində qalan 1 milyon azərbaycanlı haqqında 30 il niyə susur və niyə indi Ermənistanın adından danışır? Aİ bundan sonra bitərəf ola biləcəkmi. Sizcə, vasitəçi ola bilərsinizmi?”. F.Doluxanovun sualını cavabsız qoyan Ş.Mişel başqa məsələlərdən danışıb: "Aİ qərəzsiz vasitəçidir. Çünki bizim gizli gündəmimiz yoxdur. Bizim gündəmimiz aydındır. Bunlar regionda rifah, sabitlik, təhlükəsizlikdir. 3 il əvvəl mediasiyaya başladığımız vaxtdan bu istiqamətdə xeyli irəliləyiş əldə etmişik. Biz məhbus mübadiləsi kimi konkret nəticələr əldə etdik. Mina xəritələrinin mübadiləsi və sərhədlərin müəyyən edilməsi üçün yaradılmış müştərək komissiyalar kimi konkret mövzularda irəliləyiş əldə olunub". AB-nin çox səmimi və dürüst olduğunu ifadə edən Mişel, "Bizə həmçinin daha çox diplomatik səylər lazımdır" deyib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel isə Doluxanovun "Avropa Ukrayna, Gürcüstan və Moldovada separatizmlə mübarizə aparır. Bəs niyə Azərbaycanda döyüşmür" sualına "biz edirik" deyərək qısaca cavab verib və sürətlə ərazini tərk edib. Qeyd edək ki, ötən gün İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan beştərəfli toplantıda Türkiyənin iştirak şərtini rədd etdiyi üçün Azərbaycan da iştirak etməkdən vaz keçib. Bununla belə, görüş Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Aİ Şurasının sədri Şarl Mişel və Almaniya kansleri Olaf Şolzla dördlük şəklində keçirilib. Görüşdən sonra verilən birgə bəyanatda bildirilib ki, liderlər Ermənistan və Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün bütün səylərə sadiq qalıblar. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ölkə mətbuatına açıqlamasında baş verənlərə Qərb ölkələrinin ikiüzlü münasibət bəslədiyini bəyan edərək, Rusiyanın Ukraynaya təcavüzünü misal göstərib.

  Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqı və digər beynəlxalq qurumlar haqlı suallarımıza verəcəkləri cavab yoxdur. Ekspertin sözlərinə görə, Qərb strukturları özləri də dərk edirlər ki, tutduqları mövqe beynəlxalq hüquqa və ədalətə zidd mövqedir: 
"Anlayırlar ki, onların Ermənistanı bu qədər müdafiə etmələri, onların haqsız mövqeyinə və davranışına dəstək vermələri izaholunmazdır. Bunu əsaslandırmaq çox çətindir və bizim bu cür davranışa, qərəzli münasibətə verəcəyimiz reaksiya dəfələrlə nümayiş olunub. BMT Təhlükəsizlik Şurasında 2 dəfə müzakirələr keçirildi, Laçın yolunun bağlı olduğunu iddia etdilər. Ortaya faktları qoyduq və beynəlxalq hüquq nöqteyi-nəzərindən əsaslandırdıq. Sübut etdik ki, biz haqlıyıq. Buna baxmayaraq, kor tutduğunu buraxmadığı kimi, bunlar da öz dediklərini dedilər. Biz isə hüquqa uyğun olan addımlarımızı atdıq. Fransa xarici işlər naziri Ermənistana gəldi, yanlış bəyanatlar verdi, ermənipərəst mövqedə dayandığını açıq şəkildə göstərdi. Eyni bəyanatları E.Makron və Şarl Mişel də verdi. Buna cavab olaraq Azərbaycan Qranada görüşündən imtina etdi. Nəticədə uzun müddətdir gözlənilən və əsas hadisəsi Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması olacaq bir sammit fiaskoya uğradı".

  A.Səmədov vurğulayıb ki, Azərbaycan Fransanın iştirak etdiyi vasitəçi kimi iştirak etdiyi toplantılarda olmayacağını açıq şəkildə bildirdi. Eyni zamanda bəyan etdi ki, Avropa İttifaqının vasitəçiliyindən təşkil olunan tədbirlərdə iştirak edəcək:

"Təbii ki, bu da o vaxta qədər davam edəcək ki, Şarl Mişel açıq-aşkar ermənipərəst bəyanatlar verməsin. Əgər o da bu mövqeni tutsa, təbii ki, Brüssel də son nəticədə vasitəçi olmaq imkanını itirmiş olacaq. Yəni Azərbaycan açıq şəkildə hamıya göstərir ki, ədalətsiz, tərəfli mövqe tutanlarla eyni masada oturmayacaq və onların vasitəçiliyini qəbul etməyəcək. Onsuz da vasitəçi olmaq istəyənlər kifayət qədərdir. Vaşinqton da vasitəçilik edə bilər. Rusiya da vasitəçi olmaq üçün çox can atır. Hələlik Avropa İttifaqının da vasitəçiliyindən istifadə olunur. Ancaq hansı daha ədalətli mövqe tutarsa, beynəlxalq hüquqa uyğun davranış ortaya qoyarsa, Azərbaycan onun vasitəçiliyinə üstünlük verəcək. Hesab edirəm ki, bu davranış ən düzgünüdür".