Serbiya-Azərbaycan münasibətləri: Fikirlərimiz uyuşur

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;


İki ölkə arasında qarşılıqlı əlaqələr yüksələn xətt üzrə inkişaf edir

“Serbiya Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında sənəd imzaladığı 12 Avropa ölkəsindən biridir”

  Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç oktyabrın 6-da Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev V.Orliçi qəbul edib. Dövlət başçısı ölkələrimiz arasında dostluq əlaqələrinin zəngin tarixə malik olduğunu deyərək bunun qarşılıqlı dəstəyə əsaslanan münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaratdığını bildirib, Serbiyaya səfərini məmnunluqla xatırladıb. İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev investisiya, enerji, sənaye sahələri ilə bağlı fəal əməkdaşlığın həyata keçirildiyini deyib. Ölkə rəhbəri münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin də önəmini qeyd edib. Vladimir Orliçin səfərinin dinamik şəkildə inkişaf edən əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib. Qonaq, ilk növbədə, Serbiya Prezidenti Aleksandar Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırıb. Serbiya Milli Assambleyasının sədri ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu deyib. Görüşdə Azərbaycan ilə Serbiyanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində haqlı mövqelərini dəstəklədikləri qeyd edilib. Münasibətlərimizin strateji tərəfdaşlıq prinsiplərinə, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslandığı vurğulanıb. Parlamentlərarası əlaqələrin və parlamentlərarası beynəlxalq təşkilatlarda əməkdaşlığımızın vacibliyi qeyd olunub.
  Vladimir Orliç Azərbaycanın Baş naziri Əli Əsədov tərəfindən də qəbul olunub. Görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edilib. Dövlət başçıları arasında sıx təmasların və qarşılıqlı səfərlərin münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında Serbiyaya rəsmi səfəri zamanı prezidentlər tərəfindən imzalanan Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumun dövlətlərarası əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı qeyd olunub. Eyni zamanda Serbiya Prezidenti Aleksandar Vuçiçin ötən ilin dekabr ayında Azərbaycana işgüzar səfərinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib. Baş nazir cari ilin may ayında Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak və çıxış etdiyinə görə Vladimir Orliçə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan və Serbiya həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Tərəflər ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması istiqamətində əlavə addımların atılması zərurətini təsdiq ediblər. Bu xüsusda cari ilin aprel ayında Belqradda keçirilən birgə Hökumətlərarası komissiyanın 7-ci iclasında əldə olunan razılaşmaların praktiki icrasının vacibliyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığa toxunularaq ötən ilin oktyabr ayında Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti vurğulandı, Bolqarıstan-Serbiya İnterkonnektoru istismara veriləndən sonra Serbiyanın da Azərbaycan qazını ala biləcəyi diqqətə çatdırılıb. Görüşdə həmçinin iki ölkə arasında nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
  Məlumat üçün bildirək ki, Serbiya Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında sənəd imzaladığı 12 Avropa ölkəsindən biridir. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar, ticarət, infrastruktur sahələrində münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan və Serbiya arasında digər sahələrdə, o cümlədən nəqliyyat, enerji sahələrində əməkdaşlıq üçün potensial mövcuddur. Serbiya həmçinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda BMT nizamnamələri və beynəlxalq hüququn müddəalarının yerinə yetirilməsi məsələsində bir sıra dövlətlərdən fərqli olaraq, Serbiya dürüst mövqe nümayiş etdirib.
  Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Avropa ölkələri ilə əlaqələrin qurulması, onların mövqelərində bizə doğru müsbət münasibətlərin təşviq edilməsi Azərbaycanın gələcək planları üçün vacib məsələlərdir. Ekspertin sözlərinə görə, Serbiya da belə Avropa ölkələrindəndir: 

"Serbiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. İki ölkə xeyli müddətdir ki, ilk növbədə ərazi bütövlüyü məsələsində bir-birilərinə dəstək verir, iqtisadi əlaqələri genişləndirirlər. Azərbaycanın Kosovanın müstəqilliyini bu günə kimi tanımaması Serbiya ilə olan əlaqələrdə mühüm yer tutur. Azərbaycan vaxtı ilə BMT sülhməramlıları çərçivəsində Kosovadakı sülhməramləlarını BMT-yə, hətta Türkiyəyə rəğmən, Kosovanın müstəqilliyi elan olunanda oradan çıxarmışdı. Bu addım sonradan Serbiya ilə Azərbaycan arasında münasibətlərin istiləşməsinə səbəb olmuşdu".
  A.Qasımov əlavə edib ki, Belqradın zaman-zaman Ermənistana yaxın kimi görünməsinin əsasını Rusiya-Ermənistan münasibətləri təşkil edirdi: "Rusiya Serbiyanın ən yaxın dəstəkçilərindən və dolayısı ilə Ermənistan vaxtı ilə Serbiyadan böyük ehtimalla Rusiyanın istəyi ilə silah ala bilmişdi. Hesab edirəm ki, son dövrlərdə Ermənistanın Qərbyönlü addımlar atması fonunda Rusiya ilə pisləşən siyasi əlaqələri Serbiyanın da ümumiyyətlə Ermənistandan uzaqlaşmasına səbəb olur. Bu baxımdandır ki, Serbiya Respublikası Assambleyasının sədri Azərbaycana gəlib. Səfər zamanı qeyd edildiyi kimi, bir çox sahələrdə münasibətlərin dərinləşməsi barədə fikirlər qeyd edilib. Azərbaycanın Avropa İttifaqı ilə son günlər arasında baş verən gərginlik və sanksiyalar məsələsi ilə əlaqəli problemləri fonunda Serbiya rəsmisinin Azərbaycana səfəri sanksiyalar tətbiqi ehtimalını yoxa endirmək baxımından da önəmlidir. Serbiya da bu sanksiyalara etiraz edə bilər".