Brüssel görüşündən GÖZLƏNTİLƏR - ŞƏRH

Bu dəfə üçtərəfli danışıqlarda ortaq məxrəc tapıla bilər

  Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşdə iştirak etmək barədə razılığa gəldiklərini bildirib. O, bu barədə Qranadada Aİ-nin qeyri-rəsmi sammiti başlamamışdan əvvəl məlumat verib: "Oktyabrın sonunda hər iki lideri Brüsselə dəvət etmək qərarına gəldim və hər iki lider bu görüşə gəlməyə razılıq veriblər. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün çox iş görmək niyyətindəyik". Xatırladaq ki, ötən gün Avropa İttifaqı Şurasının rəhbəri, həmçinin Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts Qranadada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçiriblər. Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə iştirak etməyib. Danışıqlardan sonra Ş.Mişel Ermənistan və Azərbaycan liderlərini oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşə dəvət edəcəyini açıqlayıb. Millət vəkili Naqif Həmzəyev deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq təmin edib və artıq reinteqrasiya prosesinin icrası həyata keçirilir. Deputat bildirib ki, bu, çox ağır və çətin prosesdir, ancaq Azərbaycan dövləti çox çətin işlərin öhdəsindən ləyaqətlə gəlib: 

"Hazırda bizim üçün maraqlı olan məqam ən qısa zamanda Ermənistanla sülh anlaşmasının imzalanması və İrəvanın üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsidir. Ümid edirəm ki, bugünədək əldə olunmuş razılıqlar qüvvədə qalmaq şərti ilə digər hələ də tam razılaşdırılmamış müddəaların müzakirəsi və müzakirələr zamanı ortaq məxrəcin tapılması mümkün olacaq. Nikol Paşinyan hökuməti bu proseslərdə müəyyən dərəcədə maraqlı olsa da, Azərbaycan əleyhinə kampaniyaların aparılması və beynəlxalq ictimaiyyətin, erməni lobbisinin ölkəmizə təzyiqlərinin artırılması fonunda görüş təşəbbüsləri nəticə vermir. İstənilən halda Azərbaycanın mövqeyi, məsələlərə yanaşması bəllidir. Azərbaycan dövləti bütün addımlarında beynəlxalq hüquq və konvensiyalara söykənir, humanitar hüquq qaydalarına tam olaraq əməl edir. Bunlar bizim əlimizi daha da gücləndirir".
  Parlamentari qeyd edib ki, son günlərdə Ermənistan hökumətinin sərgilədiyi mövqe müəyyən dərəcədə ümidləri artırsa da, bu o demək deyil ki, ən qısa zamanda danışıqlar prosesini yekunlaşdırıb sülh imzalaya biləcəyik: "Razılaşdırılması və həlli mümkün olmayan maddələr ətrafında müzakirələr davam etməlidir. Ümid edirik, Ermənistan da ən azından bir sıra öhdəliklərinin reallaşması üçün töhfələr verəcək. Xüsusən, Naxçıvana dəmiryol xəttinin nəhayət həyata keçməsi prosesinin şahidi ola bilərik ki, bu da danışıqlar prosesinin inkişafına ciddi təkan vermiş olar. Bunlarla yanaşı, reinteqrasiya prosesində Ermənistan da müəyyən dərəcədə öz köməkliyini göstərməlidir. Çalışmalıdır ki, bu proseslərdə dezinformasiyaların yayılmasına, ümumi işə kölgə salınmasına şərait yaratmasın. İrəvan hökuməti daxili auditoriya üçün açıqlama verərək sülh prosesini uzatmamalıdır".