Sülhməramlıların işi bitib! - Yeni reallıqlar...

Qarabağda bütün mənzərə dəyişib

Rusiya sülhməramlı qüvvələri vaxtından əvvəl regionu tərk edəcəklər

  Azərbaycan Rusiya faktoruna rəğmən əraziləri azad edib, Qarabağda suverenliyini bərpa etsə də, Vladimir Putinin keçmişlə bağlı səsləndirdiyi fikirlər hələ də müzakirə mövzusuna çevrilir. Halbuki bütün bunların Moskva-İrəvan xəttində qarşılıqlı ittiham xarakteri daşıdığı aydın görünür. Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı deyib ki, Rusiya sülhməramlılarının Qarabağdakı hüquqi statusu yalnız 2020-ci ilin noyabrında verilən bəyanata əsaslanıb və heç bir sülhməramlı statusu yaranmayıb: "Son 15 ildə biz erməni dostlarımıza dəfələrlə güzəştə getməyi - Qarabağ ətrafındakı 5 rayonu Azərbaycana qaytarmağı, ikisini özünə saxlamağı və bununla da Ermənistanla Qarabağ arasında ərazi əlaqəsini qoruyub saxlamağı təklif etmişik. Amma qarabağlı dostlarımız vaxtaşırı bizə deyirdilər: “Yox, bu, bizim üçün müəyyən təhlükələr yaradacaq”. Biz də öz növbəmizdə onlara deyirdik ki, Azərbaycan böyüyür, iqtisadiyyatı inkişaf edir, bu, neft-qaz hasil edən ölkədir, orda əhali 10 milyondan çoxdur, gəlin, potensialları müqayisə edək... Nə qədər ki, bu imkan var, kompromis tapmaq lazımdır. Deyirdik, biz öz tərəfimizdən bu qərarı BMT Təhlükəsizlik Şurası çərçivəsində həyata keçirəcəyik, Ermənistanla Qarabağ arasında təbii olaraq yaranan Laçın dəhlizinin təhlükəsizliyinə təminat verəcəyik və bu ərazidə yaşayan ermənilərin təhlükəsizliyinə təminat verəcəyik. Amma yox, bizə dedilər: “Yox, biz bununla razılaşa bilmərik”. Bəs siz nə edəcəksiniz? “Döyüşəcəyik”. Nəhayət, məsələ 2020-ci ildə silahlı toqquşmalara gətirib çıxardı". Putin bildirib ki, 2020-ci ilin noyabrında hərbi əməliyyatların dayandırılması və sülhməramlılarımızın yerləşdirilməsi ilə bağlı müvafiq bəyanat imzalandı: "Burada növbəti çox vacib məqam var - sülhməramlılarımızın hüquqi statusu yalnız bu bəyanata əsaslanırdı. Heç bir sülhməramlı statusu yaranmayıb. Səbəbini deməyəcəyəm. Azərbaycan hesab edirdi ki, bu lazım deyil, Azərbaycansız da buna imza atmaq mənasızdır. Ona görə də bir daha deyirəm, sülhməramlıların bütün statusu yalnız bu bəyanata əsaslanırdı. Sülhməramlıların hüquqları isə yalnız atəşkəs rejiminə əməl olunmasına nəzarətdən ibarət idi. Vəssalam. Orada sülhməramlıların başqa hüquqları yox idi. Bu qeyri-müəyyən vəziyyət bir müddət davam etdi”.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycanın antiterror əməliyyatından sonra Azərbaycan öz konstitusiya quruluşunu bərpa etdi. Qarabağdakı ermənilər könüllü şəkildə ərazini tərk etdi. Bununla da 10 noyabr Bəyannaməsi qüvvədən düşmüş sayılır: 

"Artıq Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini tərk etməlidir. Onların fəaliyyətinin uzadılmasına ehtiyac yoxdur. Rusiya Müdafiə Nazirliyinin rəsmisi Ermənistana səfər edərək sülhməramlı qüvvələrin çıxarılması üçün danışıqlar aparır. Halbuki Ermənistan Azərbaycanın daxili işinə qarışa bilməz. N.Paşinyan da Azərbaycanın ərazi bütövlüyünü ötən gün Qranadada növbəti dəfə tanıdı. Amma Rusiya yenidən bulanıq suda balıq tutmağa çalışır. Vladimir Putinin Valday klubunda sülhməramlı qüvvələrlə və Qarabağla bağlı dedikləri konkret Kremlin baş verənləri ağrı ilə qarşıladığını göstərir. Rusiya regiondan getmək istəmir. Rusiya Qarabağın Ermənistanın tərkib hissəsi olması üçün çalışıb. Amma proseslər tam fərqli istiqamətlərdə inkişaf edir. Azərbaycan şərtləri diktə edir. Rusiya sülhməramlı qüvvələri də vaxtından əvvəl regionu tərk edəcəklər. Azərbaycan onları qəbul etmək istəmir. Ermənistan Baş naziri Nikol Paşinyan da regionda Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasında maraqlıdır".