Şənbə günü səhər saatlarında HƏMAS radikal qruplaşması “İslami-Cihad”la birgə İsrailin cənub zonasına hücum edərək xeyli mülki şəxsi öldürüb, hərbçiləri əsir götürüb. İran isə rəsmi səviyyədə HƏMAS-ın əməliyyatlarını dəstəklədiyini açıqlayıb.
Ekspertlər hücumun ssenarisinin rəsmi Tehran tərəfində yazıla biləcəyini ehtimal edirlər.
Vəziyyəti “Sherg.az”a dəyərləndirən türk siyasətçi və yazar Aydın Sezer bildirib ki, HƏMAS-ın hücumu geniştərkiblidir və ciddi hazırlıq tələb edir:
"Ümumiyyətlə HƏMAS-ın Qəzzadakı imkanları ilə belə bir hücumu həyata keçirməsi sürpriz olaraq qarşılanıb. Bu kontekstdən də kənardan dəstək alındığını ehtimal etmək olar. Düzdür, hazırda əlimizdə konkret fakt yoxdur, amma bu işin arxasında İran olması mümkündür. Digər tərəfdən belə böyük bir hücumdan İsrail kəşfiyyatının xəbərinin olmaması çox ciddi məsələdir. Bu sadəcə kiçik bir təhlükəsizlik zəifliyi yox, həm İsrailin daxili siyasətindəki bölünməyə səbəb olacaq bir hadisədir. Xüsusən də bu Netanyahunun həyata keçirdiyi təhlükəsizlik siyasəti konteksində ciddi problemlər yarada bilər".
A.Sezerin sözlərinə görə, Türkiyənin bura müdaxiləsi gözlənilən deyil:
"Çünki Ankara İsraillə barış dövründədir. Digər tərəfdən Türkiyə rəsmiləri, xüsusən də Prezident Ərdoğan və Xarici İşlər naziri tərəfləri atəşkəsə dəvət edib. Bu mənada atəşkəs olması və əsirlərin dəyişdirilməsi mövzusunda Türkiyə aktiv rol oynaya bilər. Bunun xaricində hansısa müdaxilənin olması mümkün deyil. Qərbin reaksiyasına gəldikdə isə ABŞ və Avropa Birliyi onsuz da, "HƏMAS"ı terror qruplaşması kimi tanıyır. Buna görə də hücumun ilk dəqiqələrindən etibarən İsrailə dəstək bəyanatı verildi. Xatırladım ki, "HƏMAS" Türkiyə və Rusiyada terror təşkilatları siyahısında deyil".
Qeyd edək ki, İsrail ordusunun mətbuat katibi Daniel İsrailin bütün yaşayış məskənlərinə nəzarət bərpa etdiyini deyib.
O əlavə edib ki, bir neçə gizlənmiş terrorçunun olması mümkündür.
“Hücuma keçdik. İsrail Qəzzanı əhatə edən ərazilərdə yüzlərlə terrorçunu məhv etdi”, - Haqari bildirib.