Birləşmiş Millətlər Təşkilatı (BMT) missiyası növbəti dəfə Qarabağa səfər edib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, missiya üzvləri bu gün Ağdamdan Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.
Hadisəni “Sherg.az”a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib ki, missiyanın gəlməsi Azərbaycanla BMT-nin təşəbbüsü ilə Qaçqınlar üzrə Ali Komissarlığın ofisi tərəfindən həyata keçirilib:
"Hesab edirəm ki, real vəziyyətin əks olunması Azərbaycanın xeyrinədir. Digər tərəfdən rus sülhməramlıların nəzarətində olan postlar götürülür və Azərbaycan polisi bölgəyə gəlir. Buna görə də Qarabağa Azərbaycanın qanunları və icazəsi çərçivəsində missiyaların gəlməsi normaldır".
T.Zülfüqarov əlavə edib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda çoxdan var:
"Bu qurum ölkədə 1990-cı ildən fəaliyyət göstərir. Yəni sözügedən qurumla Azərbaycan əməkdaşlıq edir. İndi isə Qarabağa gedib müəyyən işlər görəcəklər. Ümumiyyətlə bütün missiya və fəaliyyətlər yalnız Azərbaycanın razılığı ilə həyata keçirilə bilər. Yəni kimsə bizim torpaqlarımıza istədiyi kimi missiya göndərə bilməz".
Qeyd edək ki, BMT missiyası bundan öncə oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.