Bişkekdə XİN başçılarının görüşü gözlənilmir? - RƏY

Ermənistan imtina etdi

"Rusiyanın Azərbaycan və Ermənistan nazirlərinin görüşü ilə bağlı mövqeyi Bakı tərəfindən qəbulediləndir"

  Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri Bişkekdə görüşə bilər. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. Qaluzinin sözlərinə görə, Moskva 12 oktyabrda MDB-nin Bişkek sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir. Nazir müavini vurğulayıb ki, Moskva Azərbaycanla Ermənistan arasında balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək edəcək: "Ermənistanla Azərbaycan arasındakı münaqişəli vəziyyətə hələ son qoyulmayıb: "Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan kompleks üçtərəfli razılaşmalar tam şəkildə icra olunmadan münaqişəli vəziyyətə nöqtə qoyulduğunu hesab etmək olmaz. Burada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar kompleksi aktual olaraq qalır. Söhbət Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması, sərhədin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması və ictimai xadimlər, ekspert icmaları, Azərbaycan və Ermənistan parlamentariləri arasında əlaqələrin qurulması kimi mühüm komponentlər üzrə razılaşmaların əldə edilməsindən gedir. Bütün bunlar birlikdə götürüldükdə gələcək razılaşmada müəyyən ediləcək qarşılıqlı məqbul normallaşma şərtlərinə gətirib çıxarmalıdır".
  Rusiyalı diplomat bəyan edib ki, Moskva hər iki ölkə ilə tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan vasitəçi kimi balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək etməyə səy göstərəcək.
  Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya xarici işlər nazirinin müavini Qaluzinin Bişkekdə keçiriləcək mümkün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı mövqeyi Azərbaycan tərəfindən qəbul ediləndir. Parlament üzvü vurğulayıb ki, Azərbaycan Prezidenti bu günlərdə bəyan etdi ki, sülhü əldə etmək yalnız regional aktorların iştirakı ilə mümkündür:

"Rusiya regionun əsas faktorlarından biridir. Çünki Qranadada görüşün baş tutmamasının səbəblərindən biri bu prosesə, yəni Ermənistan və Azərbaycan arasında sülh prosesinə Qərbdən müxtəlif güclərin müdaxilə etməsi və onun səmərəsiz olması idi. Ona görə də indiki məqamda Rusiyanın vasitəçiliyi ilə belə bir görüşün baş tutması mümkün görünür. Qaldı ki "Qarabağ ətrafında olan məsələlərlə bağlı hələ heç nəyə nöqtə qoyulmaması" məsələsinə, düşünürəm ki, burda da əslində Qaluzinin mövqeyi qəbulediləndir. Qaluzin sərhədlərin delimitasiya və demarkasiya edilməsi, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması kimi məsələlərə vurğu edir. Azərbaycan da bunları istəyir və kommuniksiya məsələsində Rusiya ilə Azərbaycan arasında mövqelər yaxındır".
  H.Babaoğlu qeyd edib ki, Ermənistan buvaxtadək kommunikasiyaların açılmasından imtina edib: "Hələ də üçtərəfli bəyannamədə Ermənistan 9-cu maddədə üzərinə götürdüyü Zəngəzurdan maneəsiz keçidlə bağlı heç bir addım atmayıb. Bu da sülhün əldə olunmasına mane olur. Düşünürəm ki, Qaluzin də elə bunları nəzərdə tutub. Rusiyalı rəsmilər artıq aktuallığını itirmiş məsələlərdən danışmır. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası artıq ölkəmizin daxili işidir. Digər məsələlər isə əlbəttə ki, aktualdır".