Bakının şərtləri qanuni və hüquqidir - ŞƏRH

Yalnız bu şərtlər daxilində danışıqlar davam etdiriləcək

“Qranadada Azərbaycanın iştirakı olmadan ölkəmizin adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil”

  Oktyabrın 7-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı qeyd edib ki, Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. Prezident İlham Əliyev həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib. Ölkə rəhbəri xüsusilə vurğulayıb ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. Eyni zamanda dövlət başçısı Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdırıb. Bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini deyib. Prezident mərkəzi hökumət tərəfindən Qarabağdan olan erməni sakinlərə humanitar yardımların göstərildiyini və onların qeydiyyatı prosesinin başlandığını bildirib. Vurğulayıb ki, məhz qondarma rejim erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib. Dövlət başçısı Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb. Şarl Mişel öz növbəsində Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bildirib.
  Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin Şarl Mişellə telefon söhbəti zamanı ona açıq şəkildə bildirdiyi tənqid və iradları avropalı liderə verilmiş siyasi dərs hesab etmək olar. Ekspertin fikrincə, Qarabağdakı 35 illik separatçılıq hərəkatının tarixin zibilliyinə gömülməsinə baxmayaraq, Fransa prezidentinin göstərişi ilə dövlət başçısı İlham Əliyevə zəng vuran Şarl Mişel növbəti dəfə ermənilərin müdafiəçisi rolunda çıxış edib:

"O, Azərbaycan Prezidentinə təzyiq göstərməyə çalışırdı. Lakin aldığı cavablar, əks arqumentlər, əsl həqiqətlər Şarl Mişel üçün həqiqətən də "soyuq duş" olub. Dövlət başçısı qeyd edib ki, Qranadada Azərbaycanın iştirakı olmadan ölkəmizin adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. Prezident həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib. Fransanın destruktiv mövqeyinə toxunan dövlət başçısı xüsusilə vurğulayıb ki, rəsmi Parisin Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır. Əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. Ölkə rəhbəri İlham Əliyevin bu mesajı Fransaya ciddi xəbərdarlıqdır. Prezident bütün addımlarımızın, o cümlədən 19-20 sentyabrda həyata keçirilən lokal antiterror tədbirlərinin də birmənalı olaraq beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə əsaslandığını Mişelin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələri zərərsizləşdirib və suverenliyini təmin edib. Bu baxımdan Azərbaycanın atdığı addımlar tam şəkildə beynəlxalq hüquqa uyğun olub. Dövlət başçısı bu fikri səsləndirərkən, heç şübhəsiz ki, ilk növbədə məhz Fransanı nəzərdə tutur. Çünki Fransa beynəlxalq hüquqa məhəl qoymayaraq, Afrikadan tutmuş Aralıq dənizinə, Yaxın Şərqdən Cənubi Qafqazadək hər yerdə özünü hegemon kimi, dünya jandarmı kimi aparmağa çalışır. Prezident söhbət əsnasında ermənilərin "vəkil"liyini edən Şarl Mişelin nəzərinə həmçinin Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu çatdırıb. Bu kəndlərin işğaldan azad olunmasının vacibliyini məxsusi olaraq vurğulayıb. Dövlət başçısı Ermənistanın 10 noyabr razılaşması üzrə hələ də yerinə yetirmədiyi öhdəliklərin qaldığını diqqətə çatdırıb. Bu isə o deməkdir ki, havadarlarının təhriki ilə Ermənistan revanşizmə cəhd göstərərsə, bunun qarşılığı olaraq Azərbaycanın da güc tətbiq etmək, Ermənistanı həmin öhdəlikləri yerinə yetirməyə məcbur etmək hüququ var. Bu cür dəmir məntiqlə əsaslandırılmış yanaşmaları ortaya qoymaqla İlham Əliyev əslində Mişeli sağlam düşünməyə və obyektiv mövqe tutmağa dəvət edib. Bu, eyni zamanda Azərbaycanı öz haqq yolundan döndərməyin qeyri-mümkün olduğunu göstərir".
  Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov da "Sherg.az"a bildirib ki, telefon danışığı haqqında rəsmi xəbərlər onu deməyə əsas verir ki, Bakının şərtləri var və bu şərtlərlə bağlı danışıqlar davam etdiriləcək: 

"Prinsip etibarilə Qranadada Ermənistan Baş naziri Nikol Paşinyan 86.6 km-lik ərazimizi bu dəfə sənədə imza ataraq tanıyıb. Bu isə kəndlərlə, anklavlarla bağlı məsələdə İrəvanın manevr imkanlarını daha da daraldacaq. Beynəlxalq praktikada bu cür ərazilərin həlli ilə bağlı iki yanaşma var - mübahisəli ərazilərin qarşılıqlı şəkildə dəyişdirilməsi və ya ərazilərdən imtina. Şarl Mişel ilə telefon danışığı zamanı, həm də Azərbaycan lideri Fransanın addımlarını ciddi tənqid edərək, Parisin Ermənistana silah satacağı halda bölgədə baş verəcək proseslərə görə məsuliyyət daşıyacağını bildirib.
  Ümumi götürdükdə, hiss olunur ki, Şarl Mişelin son bəyanatları Bakıda sərt qarşılanıb və ona rəsmi Parisin mövqeyi ilə davranmamaq məsləhət görülüb. Beləcə, Azərbaycan və Ermənistan liderləri arasında görüş mümkündür. Bunun üçün sağlam mühit yaradılmalı və Bakıya qarşı tənqid dayandırılmalıdır".