Rusların Qarabağ planı pozuldu - RƏY 

Rusiya sülhməramlıları Qarabağı tezliklə tərk edəcək

Ermənilərin özü üçün də Rusiya hərbi kontingentinin Qarabağda varlığı əhəmiyyətsizdir

  Rusiya sülhməramlı kontingenti Qarabağ bölgəsinin Ağdərə, Əsgəran və Şuşa rayonlarında keçmiş qoşunların təmas xətti boyunca yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında əks olunub. Lakin nazirlik bildirib ki, sülhməramlılar təhlükəsizliyin və dinc əhaliyə münasibətdə humanitar hüququn təminatı üçün regionda vəzifələrinin icrasını davam etdirirlər. Məlumatda deyilib ki, Qarabağdakı hərbi birləşmələrdən alınmış silahların, hərbi texnikanın hesablanması da davam etdirilir: "Bu silahların saxlandığı anbarlara Rusiya və Azərbaycan hərbçilərinin birgə patrulu keşik çəkir". Qarabağa Rusiya hərbçiləri Azərbaycanla Ermənistan arasında 2020-ci ilin 10 noyabr atəşkəs bəyanatına əsasən yerləşdirilib. Beş illik kontingentin qalma müddəti tərəflərdən heç biri etiraz etməzsə, vaxtın bitməsinə altı ay qalmış avtomatik uzadılır. Sentyabrın 19-da Qarabağda antiterror tədbirləri keçirilib. Bir gün sonra Qarabağdakı silahlıların tərksilah olunması razılaşdırılıb və separatçı rejim özünü buraxdığını açıqlayıb. Bundan sonra Qarabağın erməni sakinləri regionu tərk etməyə başlayıb. Proseslərdən sonra Qarabağda rus sülhməramlısına ehtiyac olmadığı gündəmə gətirilib. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova isə deyib ki, sülhməramlıların regionda qalma müddəti oradakı vəziyyətdən asılı olaraq Moskva və Bakı tərəfindən müəyyənləşdiriləcək. Ekspertlərin qənaətincə, antiterror tədbirlərinin nəticələri sülhməramlıların nəzarət zonasının qalmadığını deməyə əsas verir. Çünki az sayda erməni sakinləri Xankəndidə qalıb və sülhməramlıların müvəqqəti fəaliyyəti bu şəhərdə ola bilər. Lakin Xankəndidə də patrul xidmətini sülhməramlılarla birlikdə Azərbaycan hərbçiləri həyata keçirir. Bu da şəhərə nəzarətin Azərbaycanda olduğu deməkdir. Hətta erməni əhalisinin bir qismi geri qayıtsa belə, eyni vəziyyət davam edəcək, çünki şəhərdə dövlət qurumları fəaliyyətə başlayıb.
  Politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya sülhməramlılarının Qarabağdakı müşahidə məntəqələrinin mənası qalmayıb. Ekspertin fikrincə, ermənilərin özü üçün də Rusiya hərbi kontingentinin Qarabağda varlığı əhəmiyyətsizdir:

"Rusiya hərbi məntəqələrini bağladıqdan sonra bölgəni tərk etməsi xəbərini də yayacaq. Bu, Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsindən sonra növbəti uğuru olacaq. Sadəcə bir sual məni düşündürür. Rusiya hərbi kontingenti Xocalıda qərargah salarkən hansı məntiqlə rus sərkərdələrinin heykəllərini torpağımızda yerləşdirib?! Axı Rusiya hərbi kontingenti Xocalıdan çıxdıqdan sonra rus sərkərdəsi Aleksandr Nevskinin və digərlərin heykəlləri oradan götürüləcək. Yaxşı olardı ki, həmin heykəlləri də sökülmüş postlarla birgə özləri ilə aparsınlar. Yəqin, Moskvanın ilkin planı belə olub ki, rusiyalı hərbçilər daha böyük müddətə Qarabağda qalacaq və Azərbaycan torpaqlarında baza yaradacaqlar. Hadisələrin sürətli inkişafı isə onların planlarını pozub".