Sülh müqaviləsi üçün ən ideal ölkə hansıdır? - ŞƏRH

Regionda nifrətə son qoyula, inteqrasiya, dostluq və əmin-amanlıq, iqtisadi rifah dövrü başlaya bilər

  "Ermənistandan da razılıq olarsa, qurumlarımızın rəhbərləri Gürcüstanda ikitərəfli və üçtərəfli görüş keçirə bilərlər". Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında deyib. Ölkə başçısı qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar: "Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi". Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə baş nazirə minnətdarlığını bildirən dövlət başçısı qeyd edib ki, Ermənistandan da eyni yanaşmanı gözləməliyik: "Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər".
  Politoloq Turab Rzayev "Sherg.az" açıqlamasında deyib ki, regional məsələlərdə rəsmi İrəvanın iştirakı çox yaxşı olardı, onun öz xeyrinə olardı. Analitik vurğulayıb ki, Ermənistan 30 il ərzində bu layihələrdən kənarda qalıb, iqtisadiyyatına zərər dəyib, ölkə boşalıb və dalan vəziyyətə düşüb:

"Ermənistan təcrid olunaraq bütün regional nəqliyyat, infrastruktur, enerji kimi qlobal layihələrdən kənarda qalıb. Halbuki Ermənistanın şansı var ki, Azərbaycanla birgə Gürcüstan-Qara dəniz-Rumıniya-Macarıstan elektrik şəbəkəsinə qoşulsun. Həmçinin Zəngəzur yolu ilə dəmir yolu xəttinə, Orta Dəhlizə qoşulsun və bundan erməni iqtisadiyyatı, əhalisi, yolüstü ticarət obyektləri qazansın, tranzit gəlirlər əldə eləsin. Əlbəttə, İrəvanın yenə də şansı var. Ancaq bu gedişlə Ermənistan çox böyük iqtisadi imkanları itirir. Eyni zamanda rəsmi Tbilisi məhz sülh danışıqları üçün ən ideal yerdir. Nəzərə alaq ki, Rusiyada sülh müqaviləsinin bağlanması Qərbin narazılığına səbəb ola bilər. Eyni zamanda Brüsseldə və ya Vaşinqtonda imzalanan sülh müqaviləsi də Rusiyanın narazılığına səbəb olar. Ən ideal ölkə hazırda nisbətən neytral mövqe seçmiş, hər iki tərəflə normal münasibəti olan Gürcüstandır. Hətta sülh müqaviləsi bağlanması üçün yer təklif edə bilərəm. Müqavilə üçün ən ideal yer Tbilisidə müstəqilliyimizin elan olunduğu İstiqlaliyyət Sarayıdır. Məhz həmin sarayda 3 Qafqaz ölkəsi münaqişəyə son qoyan sənədə imza atsınlar. Regionda nifrətə son qoyulsun, inteqrasiya, dostluq və əmin-amanlıq, iqtisadi rifah dövrü başlasın".