Sülh danışıqları artıq monopoliyadan çıxarılmalıdır

Azərbaycan və Ermənistanın iradəsi daha önəmlidir

Nə Rusiya, nə də Qərb ölkələri Azərbaycan-Ermənistan problemində effektiv rol oynayacaq

 
 Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində bildirib ki, Rusiya, Avropa İttifaqı və ABŞ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzərində birgə fəaliyyət göstərə bilər. Qaluzin qeyd edib ki, Qərb Moskvanın vasitəçiliyi ilə əldə edilən nailiyyətləri nəzərə alsa, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzərində Rusiya, Avropa İttifaqı və ABŞ birgə fəaliyyət göstərə bilər.

  
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya ilə Qərb arasında bir gərginlik var, amma Qarabağ və erməni məsələsi gündəmə gələndə iki zidd qütb arasında nədənsə vahid mövqe, razılıq ortaya gəlir. Ekspertin sözlərinə görə, Ermənistan-Azərbaycan arasında sülhə nail olmaq üçün Rusiya, Avropa İttifaqı və ABŞ-dən fərqli olaraq daha çox bölgənin özünün birgə fəaliyyəti lazımdır: "Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərində qonşu ölkənin prosesdə moderatorluq şansının yuxarı olduğu qeyd edildi. Deməli, Azərbaycan maraqlıdır ki, məsələ Qafqazda həllini tapsın. Məncə, nə Rusiya, nə də Qərb ölkələri Azərbaycan-Ermənistan problemində effektiv rol oynamayacaq. Hər iki tərəf daha çox öz maraqları naminə fikirlər irəli sürəcəklər. Bu da Azərbaycana sərf etmir. Nəzərə almaq lazımdır ki, Qərb ölkələri regionda öz maraqlarını təmin etmədən nə Azərbaycanın, nə də Ermənistanın marağının təmin olunmasına razı olacaqlar. Belə məqamda hətta Qərb və Rusiya birgə işləsə belə, bunun bölgəyə faydası nə olacaq?! Xatırladım ki, ABŞ, Avropa İttifaqının nümayəndəsi olan Fransa, o cümlədən Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri kimi 30 il bölgədə münaqişənin nizamlanması ilə "məşğul" oldular. Nəticə nə oldu?! Sadəcə, monopoliya yaratmaq və erməni lobbisinin təsiri ilə yenidən bir araya gələ bilərlər. Lakin bunun heç bir ciddi müsbət effekti olmayacaq. Mən də hesab edirəm ki, sülh müqaviləsi qonşu Gürcüstanda bağlana bilər. Gürcüstanın moderatorluğu ilə bu proses irəliyə gedər".