Zəngəzur dəhlizi sülh yolu olacaq

Ərdoğan Ermənistandan ağıl və reallığa əsaslanan, sülh, təhlükəsizlik və rifaha yönəlmiş bir siyasət gözləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Zəngəzur dəhlizinin önəmindən söz açıb. Ərdoğan vurğulayıb ki, Türkiyə Ermənistandan ağıl və reallığa əsaslanan, sülh, təhlükəsizlik və rifaha yönəlmiş bir siyasət gözləyir. Türkiyə lideri qeyd edib ki, Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, digər mühüm vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır. Ərdoğan, həmçinin İranı regionda sülh və sabitliyin bərqərar olması üçün siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə - Zəngəzur dəhlizinin açılmasında birlikdə hərəkət etməyə çağırıb. 

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da vurğulayıb ki, əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında iştirakdan imtina edərsə, dəhliz İrandan keçə bilər. Onun sözlərinə görə, vacib sual Zəngəzur dəhlizinin Ermənistandan keçib-keçməyəcəyidir: "Dəhliz real coğrafi şərait nöqteyi-nəzərindən keçdiyi ərazilərin hər hansı biri üçün faydalı olacaq. Düşünürük ki, Ermənistan bu məsələyə siyasi vasitəçilik etmədən qiymət verəcək. Əks halda, alternativ dəhlizin İran sərhədlərindən keçməsi olacaq". Nazir qeyd edib ki, dəhlizin bəzi hissələri istisna olmaqla, Zəngəzur marşrutu artıq böyük miqyasda hazırdır: “Bakıdan Xankəndi şəhərinə gedən marşrut var. Bundan sonra Türkiyə şirkətinin Ermənistanla sərhədə qədər apardığı işlər gəlir. Naxçıvanda 110 km-ə yaxın marşrut var və orada yolların bir az salınmasına ehtiyac var. Bundan sonra marşrut Qarsa gedəcək. Türkiyə ərazisində 224 km yol olacaq”. 
  Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də ötən gün bildirib ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi sabitlik üçün mühüm faktor olacaq. Onun sözlərinə görə, Azərbaycanla Naxçıvanı birləşdirəcək bu dəhliz bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək. Nazir müavini vurğulayıb ki, bu il iyunun 2-də üçtərəfli İşçi qrupunun sonuncu görüşü baş tutanda tərəflər nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması istiqamətində mühüm irəliləyişin olduğunu qeyd ediblər. Zəngəzur dəhlizi hər kəsi qane edir. Bu, bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək. Çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq".
 
 Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi və bu istiqamətdə atılmış addımlar Azərbaycan və Türkiyənin böyük uğurudur. Deputatın sözlərinə görə, bir sıra bölgə dövlətlərinin, Ermənistanın bütün cəhdlərinə, təxribatlarına baxmayaraq, Azərbaycan öz hədəflərinə və məqsədlərinə doğru qətiyyətlə irəliləyir: 

"Azərbaycan avtomobil və dəmir yollarını ən sürətli formada qurmaqda davam edir. Atılan addımlar, görülən işlər Azərbaycanın Zəngəzur dəhlizinin reallaşması ilə bağlı qətiyyətli, prinsipial siyasətinin göstəricisidir. Azərbaycan ən qısa vaxtda yolu hazırlayır və öhdəliklərini yubanmadan yerinə yetirir. Heç kimin şübhəsi olmasın ki, Azərbaycan ən yaxın vaxtda bu dəhlizi açacaq. Zəngəzur dəhlizi Azərbaycanla Türkiyəni, bütün Türk dünyasını birləşdirəcək. Ondan sonra öz məqsəd və hədəflərimizə doğru daha sürətlə irəliləyə biləcəyik. O baxımdan hazırda görülən işlər, həyata keçirilən tədbirlər çox-çox önəmli və vacibdir".