"3+3" formatı bizim üçün qəbulediləndir  - ŞƏRH

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüsey Əmir-Abdullahian arasında telefon danışığı olub.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Cənubi Qafqazda mövcud vəziyyət müzakirə edilib. Nazirlər Cənubi Qafqaz üzrə “3+3” Məşvərət Regional Platforması çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını diqqətə çatdırıblar.

Telefon danışığın məğzini “Sherg.az”a açan AĞ Partiya sədrinin müavini politoloq Əhəd Məmmədli qeyd edib ki, "3+3" formatı regionun 3 lider ölkəsi Türkiyə-İran-Rusiya və Cənubi Qafqazın 3 respublikası Azərbaycan-Gürcüstan-Ermənistan çərçivəsində bölgədəki məsələlərin həllini nəzərdə tutur:

"Bu format Qərbin bölgəyə müdaxiləsinin qarşısını almaq üçün həyata keçirilir. Ümumiyyətlə "3+3" formatı indiki şəraitdə Rusiya-İranla bərabər Azərbaycan və Türkiyənin də maraqlarına cavab verir. Digər tərəfdən Qərbə yönələn Ermənistan bunda maraqlı olmaya bilər. Gürcüstan isə hazırda "şpaqat" vəziyyətindədir. Yəni həm Rusiya ilə, həm də Qərblə münasibətləri korlamaq istəmir. Amma biz öz maraqlarımızı düşünməliyik. Çünki indiki vəziyyətdə, yəni Rusiya və Azərbaycan münasibətlərinin yaxşı olduğu, həmçinin Bakı-Tehran əlaqələrinin müsbətə getdiyi bir dövrdə "3+3" formatı bizim üçün qəbulediləndir".

Analitikin sözlərinə görə, format Fransa və ABŞ-nin regiona müdaxiləsinin önündə sədd ola bilər:

"Ümumiyyətlə Rəsmi Paris və Vaşinqtonun Azərbaycana qarşı tutumu hamıya məlumdur. Hətta Fransa hərbçiləri yenidən Ermənistana gediblər. Bu mənada deyə bilərik ki, Qərb ölkələri Cənubi Qafqazdakı hərbi mövcudluqları konteksində ciddi addımlar atırlar. Bu da Regionun lider ölkələri olan Türkiyə, İran və Rusiyanın maraqlarına cavab vermir. Həmçinin sözügedən hadisə Azərbaycanın siyasətinə də uyğun deyil. Lakin Ermənistanın Qərbə yönəlməsi onun Rusiya və İranla münasibətlərinin korlanmasına gətirib çıxarır ki, bu da Azərbaycanın maraqlarına cavab verir".