Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, danışıq əsnasında iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatı, gərginliyin daha da artmasının qarşısının alınması və bölgədəki humanitar ehtiyacların qarşılanması üçün atıla biləcək addımları müzakirə ediblər.
Prezident Ərdoğan mülki yaşayış məntəqələrinin hədəf alınmasının narahatlıq doğurduğunu və bu cür təşəbbüslərin Türkiyə tərəfindən müsbət qarşılanmadığını bildirib.
Türkiyə Prezidenti ölkəsinin bölgədə əmin-amanlığın təmin edilməsi üçün əlindən gələni etməyə çalışacağını vurğulayıb.
Türkiyənin regiondakı ən vacib ölkələrdən biri olduğunu deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, rəsmi Ankara Fələstində xüsusi təsirə malikdir:
"Ümumiyyətlə HƏMAS özünü Müsəlman Qardaşları təşkilatının davamçısı sayır. Ona görə də Ərdoğanın HƏMAS üzərində təzyiq imkanları var. Digər tərəfdən Türkiyə regionu İrana buraxmaq istəmir. Burada isə Türkiyənin təklifi çoxdan bəllidir. Rəsmi Ankara paytaxtı Şərqi Yerusəlim olmaqla Fələstin dövlətinin yaradılmasını istəyir. Yəni iki dövlət planını dəstəkləyir. ABŞ-dəki demokrat hakimiyyət də bunun tərəfdarıdır".
Analitik əlavə edib ki, Rusiya son açıqlamalarında Türkiyəninkinə oxşar mövqe nümayiş etdirir:
"Kreml münaqişədə əsas səbəbi isə ABŞ-nin Yaxın Şərq siyasətinin iflasa uğramasını göstərir. Eyni zamanda Rusiya dəfələrlə bildirib ki, BMT Təhlükəsizlik Şurasının qərarları əsasında iki dövlət planı həyata keçməli və müstəqil Fələstin dövləti qurulmalıdır. Yəni bu məsələdə Rusiya və Türkiyənin mövqeyi üst-üstə düşür. Ona görə də ola bilsin Putin və Ərdoğan ortaq məxrəc axtarır. Digər tərəfdən vasitəçi kimi Ankaranın şansı Moskvadan daha çoxdur. Çünki ABŞ də açıq şəkildə Türkiyədən HƏMAS-a təzyiq göstərərək hücumların dayandırılmasını istəyib. Həmçinin Entoni Blinken şəxsən Hakan Fidana zəng edərək onda vasitəçi olmasını xahiş edib. Bu konteksdə Türkiyənin məsələdə öz ağırlığını qoyub vasitəçilik etməsi mümkündür. Ümumiyyətlə münaqişə tezliklə bitənə oxşamır. Ancaq ehtimal var ki, Misir, Səudiyyə Ərəbistanı, Türkiyə və İran Qəzanın bombardman edilməsindən narahat olduğu üçün İsrail yerüstü əməliyyatları dayandırsın".