Region ölkələri öz talelərinə cavabdeh olmalıdır - ŞƏRH

Prezidentin vurğusu onu göstərir ki, bölgədə kənar qüvvələr destruktiv fəaliyyətlərinə davam edirlər

  Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasında Ermənistan tərəfi ilə görüşlərdən danışıb. Dövlət başçısı deyib ki, Ermənistanın Baş naziri 6 saat Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir, Bişkekə isə 2-3 saatlıq uça bilmir: "Oktyabrın 12-də Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Bişkekdə görüşü baş tutmalıdır. Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz və müttəfiqimizdir, həmçinin Ermənistanın müttəfiqidir. Bu ölkə minlərlə kilometr məsafədə yerləşən ölkələrdən fərqli olaraq, bizim regionda yerləşir. Təbii ki, ölkələrimiz arasındakı münasibətlərin tarixi, təbii olaraq, Rusiya tərəfinin vasitəçiliyini şərtləndirir. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz rus və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, Ermənistan tərəfi bu görüşdən imtina etdi. İndi isə sual yaranır: Ermənistan sülh istəyirmi? Düşünürəm ki, xeyr. Əgər o, sülh istəsə idi, bu imkandan imtina etməzdi". Dövlət başçısı qeyd edib ki, Ermənistan hökuməti sözdə və kağız üzərində Azərbaycanın ərazi bütövlüyünü tanısa da, əməldə hər şeyi tam əksinə edir.
  Politiloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin region dövlətləri vurğusu onu göstərir ki, bölgədə kənar qüvvələr destruktiv fəaliyyətlərinə davam edirlər. Ekspertin sözlərinə görə, onları neytrallaşdırmaq üçün region ölkələri öz talelərinə cavabdeh olmalıdır:

"Rusiyanın regionun ən güclü dövləti kimi proseslərdə iştirakı təbiidir və normal haldır. Rusiyanın prosesə təsirini qəbul etsək də, etməsək də Moskva daim prosesin içində olacaq. Odur ki, mənasız yerə bunu qəbul etməmək, kənarda axtarışlar aparmaq ilk növbədə həmin ölkənin özünə zərbə vuracaq. Ermənistanın müxtəlif bəhanələrlə görüşlərdən, sülh danışıqlarından qaçması da, əslində, Rusiyadan qaçmaq cəhdidir. Hesab edirəm ki, Ermənistan sülhün vacibliyini başa düşür, amma Rusiyaya öz təhlükəsizliklərini yenidən etibar etməklə strateji səhv buraxmaq istəmir. Bunun üçün başqa güc axtarırlar və onlara daha böyük itkilərə başa gəlir. Ermənistan dövlətinin narahatlığı başadüşüləndir. Bu, Rusiya ilə qonşu olan hər bir dövlət üçün aktual məsələdir. Amma bir gerçəklik həmişə mövcuddur ki, coğrafiya ölkələrin taleyidir. Bundan qaçmaq olmaz. Rusiya arzuolunmaz qonşu olmaya bilər, amma əsl dövlət hər mənfi şəraitdə mövcud yaxşını görən, üzə çıxaran və onu idarə edəndir".