Sülh üçün kənar vasitəçilərə ehtiyac yoxdur - Toğrul İsmayıl

Ən ideal variant Ermənistanla Azərbaycanın bir araya gələrək sülh müqaviləsini imzalamasıdır

  Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya, Avropa İttifaqı və ABŞ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzərində birgə fəaliyyət göstərə bilər. Qaluzin qeyd edib ki, Qərb Moskvanın vasitəçiliyi ilə əldə edilən nailiyyətləri nəzərə alsa, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzərində Rusiya, Avropa İttifaqı və ABŞ birgə fəaliyyət göstərə bilər.
  Türkiyənin Ankara Universitetinin professoru Toğrul İsmayıl "Sherg.az"a açıqlamasında deyib ki, indiki şəraitdə Rusiyanın Amerika Birləşmiş Ştatları və ya Qərblə birlikdə ortaq hərəkət etməsi mümkünsüz sayılır. Professorun sözlərinə görə, hər ehtimalı düşünmək olar, amma Rusiyanın tərəflərə, xüsusən Ermənistana təsiri, İrəvanla müttəfiq olması və digər məsələləri nəzərə almalıyıq: "Məsələ ondadır ki, Ermənistanın indiki hakimiyyəti Rusiyadan qaçır. Ermənistan ictimaiyyəti hər məsələdə Rusiyanı günahlandırır. Halbuki Moskva bəzi məsələlərdə məcburən beynəlxalq hüquqa uyğun hərəkət edib. Ermənistan daha çox Qərbin təlimatı ilə hərəkət etməyə çalışır. Qaluzinin açıqlaması Rusiyanın prosesdən kənarda qaldığını və hadisələrə müdaxilə etmək niyyətini göstərir. Əslində, vasitəçinin kim olması Azərbaycan üçün o qədər fərq etmir. Avropa Birliyinin, ABŞ-nin, o cümlədən Rusiyanın Azərbaycana təsiretmə mexanizmləri minimumdur. Qarabağ məsələsi həll olunduğu üçün Azərbaycanın əli güclüdür. Əsas məsələ Ermənistanın kimin "düdüyü altında" sülh müqaviləsini imzalamağa çalışacağıdır".
  T.İsmayıl vurğulayıb ki, Ermənistan ikili münasibətləri qorumaq, varlığını davam etdirmək istəyirsə, mütləq sülh sənədini imzalamalıdır: "Əks halda çox ciddi problemlərlə qarşı-qarşıya qalacaq. Ən ideal variant isə Ermənistanla Azərbaycanın vasitəçi olmadan bir araya gələrək müzakirəsi və müqaviləni imzalamasıdır. Kənar vasitəçilərə ehtiyacı yoxdur. Ən azından Azərbaycan hansısa vasitəçiyə ehtiyac duymur. Ermənistan ehtiyac görürsə, bu onun problemidir".