Paşinyanı danışdıran qüvvələr bir deyil - RƏY

ABŞ Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir, Fransa da bu yola özünün nəzarət etməsini istəyir

  Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə lideri Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı İrəvanın verdiyi vədlər məsələsi haqda danışıb. Ərdoğan deyib ki, Ermənistan Türkiyə və Azərbaycanın işlətdiyi terminologiya çərçivəsində heç kimə vədlər verməyib. Paşinyanın sözlərinə görə, Ermənistanda və bütövlükdə ictimaiyyətdə Zəngəzur dəhlizi ərazi tələbi və eksterritorial dəhliz kimi qəbul edilir: “Ermənistan və Türkiyə nümayəndələri arasında danışıqlar gedəndə biz dedik ki, sizin işlətdiyiniz “dəhliz” terminologiyası bizim üçün qəbuledilməzdir. Üçtərəfli bəyanatda belə bir şey yoxdur". Paşinyanın sözlərinə görə, Ermənistan regional kommunikasiyaların açılmasına hazır və bunda maraqlı olduğunu elan edir: “Biz Azərbaycan və Türkiyə üçün yollar açmağa hazırıqmı? Bəli, hazırıq və qeyd edildiyi kimi, bu, Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında baş verməlidir. Bu o deməkdir ki, heç bir üçüncü qüvvə Ermənistan Respublikasının heç bir ərazisinə nəzarət etməməlidir. Ermənistan sərhədini keçərkən Ermənistan Respublikasının sərhəd və gömrük xidmətləri hərəkətə keçməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma mən deyirəm ki, belə bir şey yoxdur”. Paşinyan onu da vurğulayıb ki, dəmir yolunun Meğridən keçməsi heç bir etiraz doğurmur: “Meğri dəmir yolunun bərpası ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, biz bunda maraqlıyıq. Çünki bu, Ermənistanın blokadasının götürülməsi və ümumilikdə sülh deməkdir”. Paşinyanın sözlərinə görə, beynəlxalq ekspertlər həm avtomobil, həm də dəmir yolunun eyni yerdən keçməsini qeyri-real adlandırırlar, lakin bu, texniki məsələdir: “Yolların açılması Ermənistan, Azərbaycan və Türkiyə üçün faydalıdır. Bəli, bu, regionda ciddi sülh qovşağına çevrilə bilər və biz deyirik ki, bu qeyri-müəyyənliklər aradan qaldırılarsa, burada da problem olmayacaq”.
Zəruri olaraq xatırladaq ki, 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndində göstərilir:
“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz (!!!) hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Yəni üçtərəfli sazişdə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin edəcəyi və hərəkətin maneəsiz (gömrük və vergi yoxlaması olmadan) olması ilə bağlı dəqiq və aydın izah var.
  Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan üçün Zəngəzurun indiki vəziyyətdə dəhliz olub-olmaması o qədər də önəmli deyil. Əsas məsələ bu kommunikasiya sisteminin dövriyyəyə girməsidir. Ekspertin sözlərinə görə, Paşinyan yenidən ictimai qınağa, müxalifətin tənqidinə rast gəlməmək üçün müəyyən manipulyasiyalar edir: 

"Ortada sənəd var, orada birmənalı göstərilir ki, dəhlizə nəzarəti Rusiya həyata keçirəcək. Həmin sənəddə maneəsiz keçid xüsusi vurğulanıb. Bu da o deməkdir ki, heç bir yoxlama aparılmadan, sadəcə, təhlükəsizliyə təminat verilməklə həyata keçirilməlidir. Paşinyan bundan narazı idisə, üçtərəfli bəyanata imza atarkən bunu dilə gətirərdi. Azərbaycan, Türkiyə və Ermənistan arasında bununla bağlı problem olmamalıdır. Çünki sözügedən problem Rusiya və Ermənistan arasındadır. Rusiya 10 noyabr sazişinin müvafiq bəndinin həyata keçirilməsini tələb edir. Nikol Paşinyan isə bundan imtina edir və bu proses demək olar ki, dayanıb. Ona görə də bu məsələ regional formatda yenidən müzakirə predmeti olmalıdır. Bu kontekstdə Rusiya və Azərbaycan İranla danışmağa başlayıb. Yəni üçlü format çərçivəsində kommunikasiyaların açılması müzakirə olunur. İran əlbəttə ki, sərhəd xəttində dəmiryolunun çəkilməsində maraqlıdır. Ancaq məsələ bu yolun Azərbaycan üçün nə qədər təhlükəsiz olacağı ilə bağlıdır. İran etimad olunacaq bir dövlət deyil. İstənilən siyasi qərar İranın xoşuna gəlməzsə, Tehran əvvəlki oyunlarını oynamağa davam edəcək. Ona görə bu yolların alternativinin olması Azərbaycan üçün çox vacibdir. Gürcüstan və Türkiyə yolu ilə Avropaya çıxış imkanları mövcuddur. Bununla yanaşı, Zəngəzur yolu və ya İran vasitəsilə Naxçıvana çıxış imkanları da müzakirə olunmaqdadır. Yolların çoxluğu Azərbaycana üstünlük qazandıran amildir".
  Analitik diqqətə çatdırıb ki, Paşinyan təkcə erməni dövlətinin maraqlarını yox, eyni zamanda ona təsir edən güclərin də maraqlarını ifadə edir: "Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayan dövlətlər var. ABŞ yola Rusiyanın nəzarət etməsini istəmir. Fransa da bu yola özünün nəzarət etməsini istəyir. Fransa Ermənistanda tədricən güclənməklə Cənubi Qafqaza sirayət etmək planını tətbiq edir. Zəngəzur dəhlizi çıxmaza düşüb, dalana dirənib. Çıxış yolu "3+3" formatında müzakirələrin aparılmasıdır. Nikol Paşinyan da bu formatda iştirak edə biləcəyini bəyan edib. Qlobal güclər Ermənistana təhlükəsizlik vədləri versələr də, Ermənistan həmsərhəd olduğu regional ölkələrlə normal əməkdaşlıq qurmasa, heç vaxt inkişaf edə, təhlükəsizliyini təmin edə bilməz".