İranın İsrailə qarşı əməliyyatlarda birbaşa iştirak etməməsi mümkündür  - TƏHLİL

"Toqquşmanın gedişində İranın qarşıdurmada rolunun olub-olmadığı müəyyən ediləcək. Hələlik isə məlumatların dəqiqləşdirilməsi prosesi gedə bilər"


ABŞ İranın HƏMAS-ın İsrailə hücumundan xəbəri olmadığı barədə məlumat alıb. Belə bir iddia ilə “Nyu York Tayms” ABŞ kəşfiyyatındakı mənbəyə istinadla çıxış edib. Nəşrin yazdığına görə, hücum İran hakimiyyəti üçün “sürpriz” olub.

Bir neçə amerikalı rəsmi isə deyib ki, İranın İsrailə hücumun planlaşdırılmasında bilavasitə əli olduğuna dair şübhələr artıb, lakin hələ sübut tapılmayıb.
ABŞ rəsmiləri bildiriblər ki, kəşfiyyat İranın mümkün iştirakı ilə bağlı araşdırmaları davam etdirir.


Məsələyə münasibət bildirən politoloq Sədrəddin Soltan "Sherg.az"a söyləyib ki, İran və HƏMAS əlaqələrini iki hissəyə bölmək daha doğrudur:

"Birincisi HƏMAS ın İsrailə hücumuna qədər ki, dövr. İkincisi isə oktyabrın 7-dəki hücumdan sonrakı dövr. Heç kimə sir deyil ki, HƏMAS oktyabrın 7-nə qədər İran tərəfindən maliyyə, hərbi texnika təmin olunub. Məsələn, bu ilin iyun ayında HƏMAS-ın liderləri İrana səfər etmişdi. Həmçinin HƏMAS-ın liderləri onlara dəstək verən yeganə qüvvənin İran hakimiyyəti olduğunu deyirlər. Hətta 4 minə qədər raket və "Əbabil" adlı dronların İran tərəfindın HƏMAS-a verildiyinə dair xəbərlər yayılıb. Yəni İranla HƏMAS arasında əlaqə olduğu istisna deyil. Bunun isə bəlli səbəbləri var. Tehran hakimiyyəti və HƏMAS İsrailin məhvini qarşılarına məqsəd kimi qoyublar. Hər iki siyasi idealogiyanın başlıca şüarı da "İsrailə ölüm" dür. Bu mənada onların hərbi və siyasi istiqamətdə ortaq məxrəcdən çıxış etməsi istisna edilmir".

Analitik əlavə edib ki ki, HƏMAS-ın iqtisadi gücü yoxdur:

"Sözügedən qruplaşma İran kimi rejimlərin verdiyi ianələrin hesabına mövcud ola bilir. Yəni HƏMAS İsrailə, ABŞ-yə, NATO və Avropa Birliyinə qarşı təzyiq göstərmək istəyən qüvvələrin əlində alətdir. Başqa sözlə HƏMAS-dan Qərbi İran və digərlərinə təzyiqdən çəkindirmək üçün istifadə olunur".

S.Soltanın sözlərinə görə, İranın oktyabrın 7-dəki əməliyyatlarda birbaşa iştirak etməməsi mümkündür:

"Amma HƏMAS qüvvələri Livandakı "Hizbullah"ın düşərgələrində təlim keçib. Bu təlimi keçənlər isə İnqilab Keşikçiləri Qvardiyasının Qüds qolunun təlimatçılarıdır.  Digər tərəfdən "Hizbullah"ın HƏMAS-ın qüvvələrinə təlim keçməsi də İranın dolayı yolla olan dəstəyi hesab oluna bilər. Hələ ki, HƏMAS və İsrail arasındakı qarşıdurma davam edir. Düşünürəm ki, toqquşmanın gedişində İranın qarşıdurmada rolunun olub-olmadığı müəyyən ediləcək. Hələlik isə məlumatların dəqiqləşdirilməsi prosesi gedə bilər".