MDB sammitini boykot sıradan bir hadisə deyil

Ermənistan-Rusiya əlaqələrində siyasi böhran dərinləşir
 
 Qırğızıstanda Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının sammiti keçiriləcək. Ermənistan Baş naziri Nikol Paşinyan sammitə qatılmaqdan imtina edib və bunu işlərinin çoxluğu ilə izah edib. İrəvan sammitdən əvvəl MDB xarici işlər nazirlərinin şurasının iclasına yalnız nazir müavini səviyyəsində qatılıb. Ekspertlərə görə, Ermənistan KTMT ilə əlaqələri aşağı endirdiyi kimi, MDB sammitinə qatılmamaqla bu təşkilatdan da uzaqlaşmaq kursu götürdüyünü bəyan edir.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Ermənistan MDB sammitini boykot edir. Analitikin sözlərinə görə, Nikol Paşinyan həm KTMT, həm də MDB ilə əlaqələri aşağı səviyyəyə endirməklə Qərblə inteqrasiya kursunu həyata keçirdiyini nümayiş etdirir:

 "Ermənistan tərəfindən bu siyasət Rusiyaya qarşı demarşdır. Əgər Paşinyan hakimiyyətdə qalacaqsa, Ermənistan gələn il KTMT-dən və Avrasiya İttifaqı təşkilatından çıxa bilər. Həmçinin MDB üzvlüyünə xitam verməsi də mümkündür. Hər halda Ermənistan rəhbərinin MDB sammitindən imtinası sıradan hadisə deyil. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun ratifikasiyası fonunda Paşinyan Putinə qarşı psixoloji-siyasi savaş apardığını göstərir. Bununla Qərbə Rusiyanın orbitindən çıxmaq üçün hərəkətə keçirdiyi mesajını verir".
  Ekspertə görə, Ermənistan baş naziri MDB sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşə bilərdi, amma, belə bir görüş heç də sülh müqaviləsinin bağlanmasına gətirib çıxarmayacaqdı: "Ermənistan-Rusiya əlaqələrində siyasi böhran dərinləşir. Ancaq İrəvan özü bu dərinlikdə batıb qalacaq. İllər ərzində Ermənistan məhz Rusiyanın vasitəçiliyi ilə Azərbaycana qarşı işğalçılıq və terror siyasəti aparıb. O baxımdan Azərbaycan iki dövlət arasında kəskinləşən münasibətlərdən maksimum istifadə edərək, Ermənistan üzərində ciddi üstünlük qazanmalıdır".