“Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib.
"Azərbaycana gəldikdə, artıq bizim daxili təhdidlərimiz yoxdur. Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Biz buna çalışırıq və hesab edirik ki, başqa alternativ yoxdur", - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycaın lokal xarakterli antiterror tədbirlərini zərurətdən həyata keçirdiyini deyən politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, danışıqlar üçün münbit şərait yox idi. Ermənistan bütün öhdəliklərindən boyun qaçırırdı:
" Sentyabrın 2-də qondarma qurumun yaradılması ilə bağlı Ermənistanın baş naziri təbrik mesajı göndərdi. Bu təbrik məktubunda Azərbaycan ərazilərində yalançı bir dövlətin yaradılması və ölkəmizin suverenliyinə qarşı fikirlər əksini tapmışdı. Həmçinin revanşizmə dair çağırışlar var idi. Ardınca isə "marionet" (red. oyunçunun saplarla idarə etdiyi bəndli kukla.) rejimdə "Prezident seçkiləri" keçirildi və yeni "rəhbər" təyin olundu. Azərbaycan isə bütün proseslərə strateji səbirlə yanaşaraq təmkin nümayiş etdirirdi. Nəticədə 19-20 sentyabr tarixində lokal antiterror tədbirləri uğurla yekunlaşdı".
Analitik əlavə edib ki, Azərbaycan ordusu bir sutkadan az müddətdə yüksək peşəkarlıq nümayiş etdirdi:
"Düşmənin legitim hərbi hədəfləri mülki infrastruktura zərər dəymədən məhv edildi. Çünki əsas məqsəd Azərbaycanın suverenliyinə qarşı vuruşan silahlı birləşmələrin zərərsizləşdirilməsi idi. Bu gün artıq separatçıların rəhbərləri həbs olunub. Lakin beynəlxalq səviyyədə humanitar hüququn pozulmasına dair yalançı təbliğat aparılır. Bir sıra qurumlar, korrupsiyalaşan rəsmilər də qərəzlilik nümayiş etdirərək bu yalana inanırlar. Dünyada baş verən hadisələrə nəzər saldıqda ikili standartları aydın şəkildə nəzərə çarpır. İnanıram ki, Azərbaycan diplomatiyası və hüquqşunaslarımız mövqeyimizi qətiyyətlə müdafiə edəcək. Bir sözlə, erməni yalanları ifşa olunacaq".