İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən Azərbaycanı və başqa bir neçə qonşu ölkəni təhdid edib.
Bu barədə SEPAH-ın sosial media hesabında paylaşım edilib.
Paylaşılan videoda yeni balistik raketlər nümayiş etdirilib, Azərbaycan Respublikası, İraqın şimalı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əraziləri qırmızı rəngdə, hədəf kimi göstərilib:
“Hər şey hədəfimizdədir, ən kiçik bir səhvə yol verdiyiniz təqdirdə məhv ediləcəksiniz”, - paylaşımda yazılıb.
Məsələni “Sherg.az”a şərh edən politoloq Ramiz Alıyev bildirib ki, İranın xüsusi xidmət orqanının belə bir bəyanat verməsi Tehranın nüfuzuna zərər vura bilər:
"İkincisi, İran Azərbaycanı vura bilməz. Bu mümkün deyil. Çünki artıq onun qarşısında 90-cı illərdəki Azərbaycan yoxdur. Hazırda Azərbaycanın qalib ordusu, müasir texnikası və böyük müttəfiqləri var. Türkiyə, Pakistan, Rusiya və İsrail Azərbaycanla hərbi müttəfiqdirlər. Azərbaycanı təhdid etmək İranın zərərinə işləyən bir addımdır. İranda 40 milyon azərbaycanlı yaşayır və onların 5 milyonu ayağa qalxsa, molla rejimi qalmaz".
Analitik əlavə edib ki, bu sərsəm bəyanatdan başqa bir şey deyil:
"İndiki şəraitdə İran çalışır ki, Azərbaycanın Tehrandakı səfirliyi yenidən fəaliyyətə başlasın. Çünki onların məsuliyyətsizliyinə görə Azərbaycan səfirliyi hücuma məruz qalıb. Bu kontekstdə də İran rəhbərliyi Azərbaycandan səfirliyini yenidən açmağı xahiş edir. Digər tərəfdən iki ölkə arasında nəqliyyat yollarının açılması barəsində sənədlər də imzalanıb. Tehran rejimi Bakı ilə münasibətlərin bərpasına can atır. Belə bir məqamda isə SEPAH tərəfindən təhdidlərin edilməsi İran-Azərbaycan əlaqəsinə zərbə vura bilər. Ümumiyyətlə, Azərbaycana hücum İranın məhvi deməkdir. Yəni :Azərbaycanı məhv edəcəm" demək asan olsa da, bunun arxasında durmaq çox çətindir".