Vivek Ramasvami seçkidə lazımi səsi yığa biləcək? - RƏY

Adam həm savadsız, həm də provokatordur

Sadəcə, Donald Trampı "zərərsizləşdirmək" üçün demokratların bir layihəsidir


"Hindistan qaraçısının indiki şəraitdə ermənilərə yarınmağı və Azərbaycan barədə ittihamları da məqsədlidir”

  Gələn il ABŞ-də keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən Vivek Ramasvami Azərbaycana qarşı qərəzli ittihamlarla çıxış edib. O, təşviqat xarakterli müsahibəsində ermənilər tərəfindən Gəncə və Bərdə şəhərlərinə raket hücumunun kadrlarını nümayiş etdirərək izləyicilərə yalan məlumat verib. Ramasvami kadrlarda raket hücumuna məruz qalanların "ermənilər" olduğunu iddia edib. Qeyd edək ki, bu görüntülərlə bağlı Azərbaycan rəhbərliyi də danışıb və videosüjeti sərt tənqid edib. Qeyd edək ki, 38 yaşlı Vivek Ramasvami hind əsillidir, sahibkar və yazıçıdır. O, respublikaçıların vahid namizədi olmaq fikrindədir. Son aylarda Ramasvami bir neçə qalmaqallı çıxışı ilə yadda qalıb. O bildirib ki, Ukrayna-Rusiya müharibəsini asanlıqla dayandırmağın yolu Rusiyanın Ukraynanı işğal etməsinə imkan verməkdir. 2016-cı il prezident seçkilərində Donald Trampın qələbəsindən ilhamlanan Ramasvami kampaniyaya başlayıb və elə indidən özünü qeyri-adi iddialarla rüsvay edib. Bu namizədi erməni lobbisinin maliyyələşdirdiyi məlum olub. ABŞ və ümumilikdə Qərbin yanaşmasında hər zaman ikili standartlar və riyakarlığın şahidi olmuşuq. Nədənsə, Qərb hər zaman Azərbaycanın özünü müdafiə hüququna fərqli yanaşıb. Amerikalı siyasi ekspert Piter Teys deyib ki, Ramasvami peşəkarlıqdan və diplomatiyadan anlayışı olmayan bir siyasətçidir. Onun sözlərinə görə, Ramasvami indi ermənilərlə saxta xəbərlər yaymaqda əlbirdir: "Acınacaqlısı belə qeyri-peşəkar diplomatı prezidentliyə namizəd kimi göstərirlər. Vivek Ramasvami özünün saxta və təxribat dolu məlumatları ilə Azərbaycan hökumətini tənqid etməkdənsə öz siyasi reputasiyasına diqqət yetirsə, daha yaxşı olar. ABŞ cəmiyyəti hazırda onu yetərincə sorğulayır. Bu qədər pul ona hardan gəlib, o, siyasi təcrübəsini necə qazanıb deyə müəyyən fikirlər səsləndirilir".
  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında deyib ki, Ramasvaminin çıxışlarının arxasında başqa maraqlar durur. Professor bildirib ki, 20-30 il bundan qabaq ABŞ-nin əsas layihəsi Çin idi:

"Amerika Rusiyanı məhv etmək üçün Çini sürətlə inkişaf etdirmək haqqında qərar qəbul etdi. Ancaq Çin lazımi gücə çatdıqdan sonra Vaşinqtonun tapşırıqlarını icra etməməyə başladı. Son zamanlar ABŞ-nin yeni layihəsində Çinin əvəzinə Hindistanı qəbul ediblər. Hazırda Hindistan önə çıxarılır. Dünyanın bir ölkəsində məhz ABŞ-nin "dərin dövlət"inin tapşırığı ilə mühüm vəzifələrə - baş nazir, dünya bankının direktoru, innovasiya texnologiyaları şirkətlərinin sahibləri və s. hind əsilli seçilir. Bu da təsadüfi deyil və yeni layihənin tərkib hissəsidir. Vivek Ramasvami də təsadüfi seçim deyil. Şübhə yox ki, o, seçkidə lazımi səsi yığa bilməyəcək. Sadəcə, Donald Trampı "zərərsizləşdirmək" üçün demokratların bir layihəsidir".
  Analitik əlavə edib ki, adam həm savadsız, həm də provokatordur: "Hindistan qaraçısının indiki şəraitdə ermənilərə yarınmağı və Azərbaycan barədə ittihamları da məqsədlidir. Erməni lobbisi bütün fürsətləri dəyərləndirir. Ramasvami də birdəfəlik istifadə olunacaq şəxslərdəndir. Azərbaycan XİN və ölkə parlamenti Ramasvami və onun arxasındakı güclərin layiqli cavabını verib. Onun heç bir siyasi çəkisi yoxdur və o cür adamların nə deməsi bizim üçün əhəmiyyətsizdir".