İkili standartlar və qərəzli siyasət: Məqsəd nədir? - ŞƏRH

Məqsəd Cənubi Qafqazda stabilliyə, sülhə mane olmaqdır

Əslində, Fransa kimi ölkələri, qərəzli beynəlxalq təşkilatları heç də erməni xalqı maraqlandırmır

  Azərbaycana qarşı ikili standartlı və qərəzli siyasət davam etdirilir. Konkret olaraq başda Fransa olmaqla bəzi Qərb ölkələri Azərbaycanın zəfərini həzm edə bilmir və bu səbəbdən də müxtəlif siyasi-diplomatik yollarla ölkəmizə təzyiqlər etməyə çalışırlar. Fransanın təşəbbüsü ilə bir qrup dövlətin BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat vermələri də bunun əyani sübutudur. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəblərinə dair səslənən iddialar əsassız və böhtan xarakterlidir. Bəyanatın əsassız və qərəzli olmasını isbatlayan başlıca amil odur ki, Fransa uzun illər ərzində ermənilərə təbliğ edilmiş etnik dözümsüzlükdən, Ermənistanın reinteqrasiya proseslərinə mane olmaq cəhdlərindən, eləcə də Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququndan bəhs etmək fikrindən uzaq olduğunu nümayiş etdirir. Ermənistanın işğalçılıq siyasətinin nəticəsində bir milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından qovulub. Hazırda onlardan cəmi bir neçə mini doğma Vətəninə qayıdıb. Yüz minlərlə insan isə hələ də köçkün həyatı yaşayır, nədənsə, sənəddə bunlar haqqında heç nə deyilmir. Qaçqınlıq, məcburi köçkünlük, etnik təmizləmə, soyqırımı kimi tarixi hadisələr Azərbaycan xalqının yaşadığı faktlardır. Ancaq hansısa səbəbdən Fransa bunlara göz yumur. Belə halda Qarabağdan könüllü şəkildə köçən ermənilərə “qaçqın statusu”nun verilməsi hansı məntiqə sığır?! Fransa kimi erməni havadarları Azərbaycanı "işğalçı", Ermənistanı "qurban" kimi qələmə verməyə cəhd edirlər. Birtərəfli siyasət yürüdən, bütün diplomatik normaları pozan, təxribat və yalanlara əl atan Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi ola bilməz.
Millət vəkili Cavid Osmanov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın gücü, qüdrəti artdıqca görürük ki, ölkəmizə qarşı müxtəlif Qərb dairələrindən təxribatlar törədilir, informasiya müharibəsi aparılır. Deputatın sözlərinə görə, ölkəmizə qarşı qarayaxma kampaniyası çərçivəsində bəzi dövlətlərin senatları tərəfindən əsassız qətnamələr qəbul edilir:
 "Bu məsələdə ən çox canfəşanlıq edən Fransadır. Xüsusən, 44 günlük Vətən müharibəsi dövründə gördük ki, rəsmi Paris açıq şəkildə Ermənistana dəstək verdi, ölkəmizə qarşı qərəzini ortaya qoydu. Fransa müharibədən əvvəl də çalışırdı ki, Azərbaycanı işğal faktı ilə barışdırsın. Eyni zamanda müharibədən sonrakı mərhələdə istər Fransa prezidenti, istər hökumət rəsmiləri, Senatın üzvləri açıq şəkildə Azərbaycana qarşı mübarizəyə, informasiya savaşına başladılar. Siyasi-diplomatik müstəvidə dövlətimiz əleyhinə mövqe sərgilədilər, qətnamələr qəbul etdilər. Fransa hakimiyyəti aşkar formada bəyan etdi ki, birmənalı Ermənistanın yanındadırlar. Fransa rəsmilərinin İrəvana davamlı səfərləri, ermənilərə silah-sursat verməsi, onların müdafiəsini təşkil etməsi, Azərbaycanı "işğalçı" kimi qələmə verməyə çalışması göstərir ki, Makron hakimiyyəti yalnız öz maraqlarını güdürlər. Erməni lobbisindən qidalanaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər".

  Parlament üzvü vurğulayıb ki, əslində, Fransa kimi ölkələri, qərəzli beynəlxalq təşkilatları heç də erməni xalqı maraqlandırmır:
"Onların məqsədi Cənubi Qafqazda stabilliyə, sülhlə mane olmaqla regionda öz maraqlarını təmin etməkdir. Əfsuslar ki, dünyada ikili standartlar mövcuddur. Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə hər zaman təzyiq göstərməyə çalışırlar. Amma rəsmi Bakı ilə təzyiq dilində danışmaq Fransa üçün heç bir fayda gətirməyəcək. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bir daha bəyan etdi ki, dövlətimizlə ultimatum və diktə ilə danışmağa heç kəsə icazə verməyəcəyik. Vurğulandı ki, qələbəmizə, uğurlarımıza xor baxanlar bilsinlər ki, Azərbaycan bundan sonra da haqq-ədalət yolunda mübarizəsini davam etdirəcək. Heç bir qüvvə Azərbaycanı bu yoldan çəkindirə bilməyəcək. Yaxşı olar ki, Fransa ilk növbədə özünün müstəmləkəçilik siyasətinə son versin. İşğalçı Ermənistana dəstək verən Fransa özü müxtəlif xalqlara qarşı amansız soyqırımlar, qətliamlar törədib. Bir daha qeyd edirəm ki, Azərbaycana qarşı aparılan bu çirkin kampaniya faydasızdır. Fransa bu cür addımlarla Ermənistanı daha acınacaqlı vəziyyətə salır, regionda sülhün, sabitliyin yaranmasına əngəl olur".