ATƏT və BMT-də köklü islahatlar aparılmalıdır

Bu gün Beynəlxalq hüquq işləmir

Beynəlxalq təşkilatların dünyada sülhə, sabitliyə töhfə verməsi zəruridir

  Antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması ümumilikdə regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Azərbaycan həmişə sülh tərəfdarı olduğunu bəyan edir. Hazırda bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən, real nəticəyə yönəldilmiş beynəlxalq təşəbbüsləri dəstəkləyir. Sadəcə, Ermənistan hakimiyyəti özündə iradə tapıb regionumuzun gələcəyi naminə sülh sazişini imzalamalıdır. Təəssüf ki, biz hələ də bunu müşahidə etmirik. Ermənistan 30 il ATƏT-in keçmiş Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesini daim pozurdu. Bu da onu göstərirdi ki, rəsmi İrəvan sülh istəmir, sadəcə, danışıqların imitasiyası ilə məşğul olur. Ona görə də Azərbaycan dövləti münaqişəni öz gücü ilə həll etməyə məcbur oldu. Dövlətimiz təkbaşına BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etdi. Əlbəttə ki, həm BMT Təhlükəsizlik Şurası, həm də ATƏT istəsəydilər, Ermənistanı sülhə məcbur edərdilər. ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri olmuş ABŞ, Rusiya və Fransa BMT TŞ-nin daimi üzvləridir. Problemin sülh yolu ilə həll olunmaması bu qurumların Azərbaycana qarşı ikili standartlarının təzahürü idi. 30 illik danışıqlar prosesinin iflasa uğraması göstərdi ki, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT və BMT-də köklü dəyişikliklər, islahatlar aparılmalıdır. Beynəlxalq təşkilatların dünyada sülhə, sabitliyə töhfə verməsi zəruridir. Amma təəssüf ki, bu gün beynəlxalq hüquq işləmir. Ona görə də beynəlxalq təşkilatlar öz funksiyalarını yerinə yetirə bilmirlər. Ən acınacaqlısı odur ki, bu qurumlar müəyyən beynəlxalq güclərin əlində alətə çevriliblər. Bu səbəbdən də, beynəlxalq qurumlarda islahatların aparılması olduqca zəruridir. Onlar proseslərə yanaşmada hansısa qüvvələrin maraqlarına uyğun çıxış etməməli, yalnız beynəlxalq hüquq normalarını əsas götürməlidirlər.
  Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında deyib ki, beynəlxalq təşkilatlar ilk növbədə dünyadakı real problemləri həll etmək üçün yaradılıb. Deputat diqqətə çatdırıb ki, hazırda mövcud qlobal qurumlar, sadəcə, tribuna və diskussiya meydançasına çevrilib:

 "Ona görə də çox düzgün olaraq son dövrlər beynəlxalq təşkilatların işlək mexanizmə çevrilməsi məsələsi gündəmə gəlməkdədir. Dəyişiklik ilk növbədə BMT-nin Təhlükəsizlik Şurasında olmalıdır. TŞ-nin üzvlərinin sayı artmalı, veto məsələsi yenidən nəzərdən keçirilməlidir. Əgər beynəlxalq təşkilatlar hansısa məsələnin, hadisənin dünya hüququna zidd olması qənaətinə gəlirsə, onu həll etmək üçün real təsir imkanlarına malik olmalıdırlar. Qanunları pozan ölkənin qarşısında beynəlxalq hüquqa hörmətlə yanaşmaq və onlarə əməl etmək tələbi qoyulmalıdır. Çox təəssüf ki, biz bunu görə bilmirik".

  Parlamentari qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edir, amma beynəlxalq birlik işğalçı ölkəni məzəmmət etməkdən kənara çıxmır: "Bu azmış kimi təcavüzkar Ermənistana vaxtaşırı çoxsaylı yardımlar ayrılır, İrəvan hökumətinin ünvanına təriflər yağdırılır. Ermənistanın yalanları dəstəklənir. Halbuki siyasət obyektiv və birüzlü olmalıdır, qarşıya qoyulan tələblər qeyd-şərtsiz yerinə yetirilməlidir. Ona görə də bütün dünya dövlətləri, ilk növbədə yüksək siyasi təsirə malik olan ölkələr bu məsələdə vahid nəticəyə gəlməlidirlər. Azərbaycan beynəlxalq qurumlardan islahatlar tələb edən ölkələri dəstəkləyir. Cənab Prezidentimiz bir neçə dəfə BMT-də islahatlara ehtiyac olması barədə öz fikirlərini və təkliflərini səsləndirmişdi".