Türkiyənin tələbi yerinə yetirildi - RƏY

General Tom Qofus NATO tarixində ilk terrorla mübarizə üzrə xüsusi koordinator təyin edilib

“İnanırıq ki, koordinator təkcə sözdə deyil, əməldə də qardaş ölkənin terrorla mübarizəsində əhəmiyyətli rol oynayacaq”

  NATO baş katibi Yens Stoltenberq Türkiyənin tələbi ilə müavini general Tom Qofusu alyans tarixində ilk terrorla mübarizə üzrə xüsusi koordinatoru təyin edib. Stoltenberq terrorun birbaşa alyansa yönələn asimmetrik təhdidlərdən biri olaraq qaldığını bildirib. O vurğulayıb ki, Tom Qofus NATO-nun terrora qarşı cavabının güclü, effektiv və ardıcıl olmasını təmin edəcək. Məlumat üçün bildirək ki, terrorla mübarizə üzrə xüsusi koordinator tələbi Türkiyənin istəyi idi. Bu məsələ ötən il Vilnüs sammitində gündəmə gəlmişdi.
  Politoloq Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə Silahlı Qüvvələri NATO-nun ikinci ən güclü ordusudur. Analitik diqqətə çatdırıb ki, Türkiyə NATO-nun cənub sərhədlərini müdafiə edir: 

"Türkiyənin hərbi alyansda xüsusi çəkisi var. O baxımdan Ankaranın təkliflərinin və tələblərinin nəzərə alınması müsbət hal olmaqla yanaşı, həm də zəruridir. NATO-da terrorla mübarizə üzrə xüsusi koordinatorun təyin olunması mühüm məsələdir. Əlbəttə, daha yaxşı olardı ki, yeni vəzifəyə təyinat alan general türk olardı. Hər halda general Tom Qofus da Türkiyə hərbçiləri, müdafiə naziri Yaşar Gülerlə daim təmasdadır. Görünür, terrorla birgə mübarizədə generalların əlaqəsi daha da genişlənəcək və dərinləşəcək. İnanırıq ki, koordinator təkcə sözdə deyil, əməldə də qardaş ölkənin terrorla mübarizəsində əhəmiyyətli rol oynayacaq və problemin aradan qaldırılmasına öz töhfəsini verəcək. Hələlik PKK, YPG və PYD-yə qarşı NATO-nu Türkiyənin yanında görmürük. Ümid edirik, bundan sonra birgə mübarizənin şahidi olacağıq. İstənilən halda Türkiyənin tələbinin yerinə yetirilməsi müsbət haldır. Mexanizmin necə işləyəcəyini yaxın günlərdə görəcəyik".