İstefa verməyə hazırlaşmıram.Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili xüsusi brifinqdə çıxışında deyib.
Qeyd edək ki, Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvili barəsində impiçment prosesinin başlanmasına müsbət rəy verib.
Məsələnin Gürcüstandakı siyasi vəziyyəti daha da gərginləşdirəcəyini söyləyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, daha əvvəl də Zurabaşvili istefaya çağırılmışdı:
"Onlar düşünürdülər ki, Prezident istefa verərək siyasətdən uzaqlaşacaq. Digər tərəfdən hökumətlə Prezident arasında Rusiyaya yaxınlaşma, Saakaşvili barəsində verilən qərarlar, müxalifətə münasibət və.s mövzularda fikir ayrılıqları var. Bütün bunların fonunda hökumət və ya idarəçilik böhranı yaranmasın deyə Gürcüstan hökuməti tərəfindən Prezidentin istefaya getməsi qərara alınıb.
Ancaq Zurabaşvilinin istefa verməməsi və müqaviməti davam etdirməsi onu göstərir ki, Gürcüstan Prezidenti könüllü şəkildə postu əldən verməmək istəmir. Bu da Gürcüstan siyasi səhnəsində növbəti xaosa gətirib çıxara bilər. Ümumiyyətlə artıq konstitusiya məhkəməsi impiçment qərarı verib. Bundan sonra isə qərar Parlamentə göndəriləcək və deputatların səsverməsi ilə impiçmenti yekunlaşdırmağa çalışılacaqlar. Lakin Zurabaşvilinin konstitusiya məhkəməsinin bu rəyindən sonra və parlamentdəki səs çoxluğunun "gürcü arzusu" partiyasında olmasına baxmayaraq istefa verməməsi indiki hökumətin müqavimətlə üzləşəcəyini göstərir. Digər tərəfdən Zurabaşvilinin Fransa vətəndaşı olduğunu və Qərbyönümlü siyasət yürütdüyünü də nəzərə almaq lazımdır. Bu kontekstdə düşünürəm ki, onun impiçment məsələsi Gürcüstanla Qərb və Avropa İttifaqı münasibətlərini korlaya bilər".