Türkiyə Cümhuriyyəti türkiyəlilər qədər azərbaycanlıların da dövlətidir

Faiq Ələkbərli: "Keçmişimiz də, bu günümüz də, gələcəyimiz də “bir millət, iki dövlət” prinsipinə əsaslanır"

  Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə sayılı günlər qalıb.
Atəşfəşanlıq və sevinclə dünyaya elan edilən Türkiyə Cümhuriyyəti 29 oktyabr 1923-cü ildə qurulub.
  Osmanlı İmperatorluğunun Birinci Dünya müharibəsindəki məğlubiyyətindən sonra ümidsizliyə qərq olan Türkiyə Qazi Mustafa Kamal Atatürkün başlatdığı Qurtuluş Savaşı ilə yenidən ayağa qalxdı. “Əhalisi əsasən türklərdən ibarət bölgələr türk sərhədi olaraq da qalmalıdır” fikrindən yola çıxan mübarizlərin 30 avqust 1922-ci ildə Meydan Savaşını qazanması nəticəsində işğalçı güclər indiki Türkiyə torpaqlarından geri çəkilməyə məcbur oldu. İstanbulun qurtuluşundan sonra isə Lozanna sülh müqaviləsi imzalandı: Osmanlı İmperatorluğu tarix səhnəsindən silindi, yerində yeni dövlət - Türkiyə adlı respublika qurulub.
  29 oktyabr 1923-cü ilə qədər sürən danışıqlardan sonra Cümhuriyyətin yaranması və Ankaranın paytaxt olması bütün dünyaya elan edilib.
Qeyd edək ki, qardaş ölkənin apardığı Qurtuluş Savaşına Azərbaycandan da böyük dəstək verilib. Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə də azərbaycanlılar maddi və mənəvi yardım göstəriblər.
  Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva “Azərbaycan-Türkiyə “bir millət, iki dövlətin” yenilməz gücünün fəlsəfəsi” adlı yazısında da bu mövzuya aydınlıq gətirib: 1920-ci il may ayının 3-də Mustafa Kamal Atatürk Şərq cəbhəsi komandanı Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər Azərbaycan hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”.
  Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan SSR ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi. Azərbaycandan Türkiyəyə 1921-ci ildə Nərimanovun şəxsi əmriylə qardaş əli uzanır.
  Azərbaycanın Xarici işlər naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda “Qazanılan böyük zəfərlərə görə türk xalqını Azərbaycan SSR adından təbrik edirik” yazıb və bu böyük zəfərin şərəfinə Azərbaycan xalqının yardım üçün 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərdiyini bildirib. Həmin ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern neft göndərib və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmə öhdəliyi götürmüşdü. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istəmişdi. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-də Nərimanova çatdırılıb, o isə dərhal 500 kq qızıl göndərmişdi. Bunun 200 kq-ı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə edilmişdi.
Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu Ankaraya göndərmişdi. Bu yardımlar sayəsində müharibə-döyüş şəraitində olan ölkənin vəziyyəti xeyli yaxşılaşmışdı. Bundan əlavə, 1922-ci ildə Türkiyəyə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı göndərilib. Nərimanov Mustafa Kamal Paşaya yazdığı məktubunda türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə təbrik etdiyini bildirir və sonra əlavə edirdi: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik”.
  Xarakterik bir hadisədir ki, Türkiyə Cümhuriyyəti qurulan dövrdə Mustafa Kamal Atatürk Azərbaycandan yardım istəmişdi və onun bu dərin maddi ehtiyacdan doğan müraciətinə Nəriman Nərimanov “bizdə qardaş-qardaşa borc verməz” mötəbər cavabı verməklə mümkün olandan da artıq yardım yollamışdı.
  AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli isə “Sherg.az"a açıqlamasında deyib ki, təkcə qurtuluş savaşı mərhələsində yox, bu mübarizənin sonunda istiqlala qovuşan Türkiyənin bir dövlət olaraq var olmasında da Azərbaycan türklərinin danılmaz rolu olub:

“Ümumiyyətlə, 20-ci əsrdə türk dövlətlərinin yaranmasında qarşılıqlı dəstəyin rolu danılmazdır. Xüsusən də, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında Osmanlı türklərinin, Türkiyə Cümhuriyyətinin yaranmasında isə Azərbaycan türklərinin dəstəyi, birgə əməyi əvəzolunmaz faktdır.
  1918-ci ildə həm hərbi, həm də siyasi-ideoloji böyük dəstəyi danılmaz faktdır.
  O cümlədən də, 1923-cü ilin 29 oktyabrında Türkiyə Cümhuriyyətinin qurulmasında, hətta qurulduqdan sonra da Azərbaycan türkləri, o cümlədən də Krım, Tatarıstan, Türküstan türklərinin böyük rolu olub. Şübhəsiz ki, bu dəstək içərisində Azərbaycan türklərinin etdiyi yardımların xüsusi çəkisi var. 1919-23-cü illərdə Türkiyədə gedən milli istiqlal mübarizəsində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadənin, Yusif Ziya Talıbzadənin
siyasi-ideoloji baxışları kifayət qədər əhəmiyyətli faktordur. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti bugünkü Türkiyə Cümhuriyyətinin ilham mənbəyi olub da deyə bilərik.
  Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün özü dövlətin qurulmasında 1918-20-ci illərdə mövcud olmuş AXC və onun qurucusu M.Ə.Rəsulzadənin təcrübələrindən yararlandığını ifadə edib.
  1923-cü ilin payızında M.Ə.Rəsulzadənin İzmirdə nəşr olunan “Azərbaycan Cümhuriyyəti” kitabını oxuyan M.K.Atatürk həmin kitabda bu barədə öz qeydlərini edib.
  Ə.Ağaoğlunun isə Türkiyənin demokratikləşməsi, liberallaşması, milli dəyərlərinin formalaşmasında danılmaz rolu olub. Həmin dönəmdə Türkiyədə yaşayan Əli bəy Hüseynzadə Ə.Ağaoğlu qədər öndə olmasa da, onun türkçülük, islam, müasirlik barəsindəki əsərləri Atatürkə də təsir göstərib. Hətta Atatürkün mənəvi atası kimi tanınan Ziya Gökalp belə əsərlərində Əli bəy Hüseynzadədən faydalanıb. Latın əlifbasına keçid, türk dili ilə bağlı aparılan islahatların hamısında Azərbaycan ziyalılarının əməyi var. Həmin dövrdə Türkiyədə yaşayan Güney azərbaycanlıları belə çox böyük töhfələr verib bu dövlətin qurulmasında.
Bu isə o deməkdir ki, Türkiyə Cümhuriyyəti Türkiyə türklərinin olduğu qədər Azərbaycan türklərinin də dövlətidir. Digər türk dövlətləri də bizim üçün doğmadır, lakin Azərbaycan-Türkiyə dövləti bizim üçün eyni dərəcədə əzizdir. Keçmişimiz də, bu günümüz də, gələcəyimiz də “bir millət, iki dövlət” prinsipinə əsaslanır”.