Rusiyanın tərəfsizliyi şübhə altındadır  - Türkiyə isə...

Rusiya Türkiyənin İsrail-Fələstin münaqişəsinin tərəfləri üçün qarant ölkələr sistemi yaratmaq təşəbbüsünü müzakirə etməyə və nəzərdən keçirməyə hazırdır. Moskva və Ankara bu məsələdə təmasdadır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pxenyanda jurnalistlərə açıqlamasında deyib.

“Biz istənilən konstruktiv təklifləri müzakirə etməyə hazırıq. Ötən gün eşitdiyim bu təşəbbüs açıq şəkildə deeskalasiyaya nail olmaq və vəziyyəti normallaşdırmaq istəyinin diktəsidir. Türkiyənin təşəbbüsü hər iki tərəf üçün maraqların tarazlığını təmin etmək istəyindən irəli gəlir. Biz bunu nəzərdən keçirmək üçün əməkdaşlığa hazırıq”, - o bildirib.

Açıqlamaya münasibət bildirən siyasi şərhçi Turan Rzayev "Sherg.az"a söyləyib ki, Rusiya və Türkiyənin bu məsələdə qarant rolu oynaması inandırıcı deyil:

"Xüsusən də Rusiya münaqişənin tənzimlənməsində qarant rolunda ola bilməz. Çünki onun tərəfsizliyi şübhə altındadır. Digər tərəfdən Rusiyanın özü də işğalçılıq siyasəti ilə məşğuldur. Yəni Ukrayna savaşının davam etdiyi bir zamanda Kremlin vasitəçiliyi ilə sülh prosesinin başlanması və keçiriləcək görüşlərin nə qədər adekvat olması şübhə altındadır".
Analitik əlavə edib ki, Türkiyənin ilk başda sərgilədiyi mövqe konstruktiv olsa da, hazırda Ankara Qəzzadakı vəziyyətə görə Təl-Əvivi ittiham edir:

"Bu səbəblə də İsrailin Türkiyənin vasitəçiliyi ilə də danışıqları qəbul etməsi çətin görünür. İndiki məqamda tərəfləri uzlaşdıracaq ölkənin kim olacağı məsələsi şübhə altındadır. Çünki bir çox ölkələr mövqeyini rəsmi şəkildə bildirərək İsrail və HƏMAS arasında ikiyə bölünüblər. Bu baxımdan vasitəçilik missiyasını üzərinə götürəcək potensial dövlət yoxdur. Ümumiyyətlə nə Türkiyənin, nə də Rusiyanın bu məsələdə vasitəçiliyini uğurlu hesab etmirəm. Düzdür Türkiyədə müəyyən görüşlər baş tuta bilər, amma bunun yekun sülhlə nəticələnəcəyini demək çətindir".