Zurabişvilinin devrilməsi heç nəyi dəyişə bilməz

Ən azı ona görə ki, Gürcüstanda baş nazir daha səlahiyyətlidir, nəinki prezident

Gürcüstan parlamentinin plenar sessiyasında hakim “Gürcü Arzusu” Partiyasının təqdimatı əsasında Prezident Salome Zurabişvilinin impiçmenti səsə qoyulub. Partiya Prezidentin vəzifəsindən kənarlaşdırılması üçün kifayət qədər səs toplaya bilməyib. İclasda ümumilikdə 90 deputat qeydiyyatdan keçib. İştirak edənlərdən 86-sı Salome Zurabişvilinin vəzifəsindən azad edilməsinin lehinə, biri isə əleyhinə səs verib. Yerli qanunvericiliyə əsasən, prezidentin impiçmenti üçün minimum 100 deputatın dəstəyinə ehtiyac var. Səsvermə zamanı ölkənin əsas müxalifət partiyası Vahid Milli Hərəkat da daxil olmaqla müxalif deputatların bir qismi zalda iştirak etməyiblər.
  
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Prezident Salome Zurabişvilinin devrilməsi hazırda mümkün deyil. Analitik vurğulayıb ki, onun dəstəyi kifayət qədərdir: 

"Gürcüstan öz siyasətində balanslaşmış kursa üstünlük verir. Zurabişvili Fransaya yaxınlığı ilə seçilir. Amma Gürcüstan baş naziri və onun komandası daha çox Rusiyaya meyillidir. Rusiyameyilli qüvvələr Qərbin Gürcüstanda dövlət çevrilişi hazırladığını deyirlər. Qərb istəyir ki, Gürcüstan anti-Rusiya koalisiyasına qoşulsun. Qərbmeyilli qüvvələr də Rusiyanın Gürcüstanda çevriliş hazırladığını deyirlər. Zurabişvilinin devrilməsi də heç nəyi dəyişə bilməz. Ən azı ona görə ki, Gürcüstanda baş nazir daha səlahiyyətlidir, nəinki prezident. Prezident simvolik fiqurdur". 

A.Rəşidoğlu qeyd edib ki, Gürcüstanın Rusiya ilə normal münasibətləti var:

 "Əsas söz sahibi baş nazir və parlamentdir. Ancaq bu gün Fransa Cənubi Qafqazda güclənib. Bu mövcudluğu da azaltmaq üçün Rusiya Gürcüstanda əks hücuma keçib. Lakin ciddi hakimiyyət böhranından danışmaq hələ tezdir".