Qarabağ erməniləri İrəvanı qarışdırdı

Etirazçılar ofisinin qarşısında

Şahramanyanın üzərinə yeridilər

  İrəvanda Qarabağ erməniləri arasında çaxnaşmalar davam edir. Məsələ ondadır ki, özünü buraxdığını elan edən separatçı "Artsax" rejimi İrəvanda yerləşən operativ qərargahının işini də dayandırıb. Deyilib ki, bundan sonra Qarabağ ermənilərinin işinə Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxacaq. Qarabağdan gedən ermənilər İrəvanda etiraz aksiyası keçirirlər. Samvel Şahmaranyanla aralarında qarşıdurma da yaşanıb, təhdidlər olub. Ermənilər keçmiş qondarma rejimin İrəvandakı nümayəndəliyinin binasına hücum ediblər. Separatçıların ünvanına sərt sözlər, təhqir və söyüşlər səsləndiriblər. Samvel Şahramanyan Qarabağ ermənilərinə bildirib ki, indiki çətin vəziyyət haqqında çox şey deyə bilər, lakin bu, Ermənistan üçün təhlükəlidir.
  Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a açıqlamasında deyib ki, ermənilər arasındakı çaxnaşma davam edəcək, çünki Fransa kimi kənar dövlətlərin təsiri dayanmır. Analitik vurğulayıb ki, keçmiş qondarma rejimin mövcudluğunda rol almış tərəflər və bu oyunda istifadə edilmiş ermənilər indi bir-birini hesaba çəkirlər:

"Əslində hər şey bitib, lakin şübhəsiz ki, yenidən dirçəlməyə can atanlar və xarici vədlərə inananlar var. Qarabağ ermənilərini vaxtilə aldadıblar. Kənardan gətirilən erməniləri də aldadıb hərəsinə bir vəd veriblər. Məqsəd Qarabağdakı qondarma rejimin yaşaması üçün erməni çoxluğuna nail olmaq olub. İndi həmin erməni toplumu da ayaqlanaraq Şahramanyanın üstünə qalxıb. Şahramanyan da özündən əvvəlkilərin bu məsələdə daha çox cavabdehlik daşıdığını bildirəcək və boynundan atacaq. Şahramanyanın "Ermənistan üçün təhlükəli" hesab etdiyi də Paşinyan hökumətinin onların süqutundakı roludur. Yəni sülhə doğru atılan addımların alt qatında Paşinyanın da qondarma rejimin təslim olmasındakı "fəaliyyətidir"".
  Analitik vurğulayıb ki, buraxılmış qondarma rejimin bərpası mümkün deyil: "Onun bərpası üçün heç bir baza yoxdur. Separatçı rejimin təkidi ilə Qarabağı tərk etmiş ermənilərin də bir qisminin pərakəndə şəkildə müxtəlif ölkələrə getdiyi deyilir. Çünki onlar əvvəldən ora zorla gətirilmişdilər və indi sanki rejimin əlindən azadlığa qovuşdular. Ancaq yerli və qalıb yaşamaq istəyən hissəni də separatçı rejim özü Azərbaycana qarşı təzyiq vasitəsi kimi oradan çıxardı. Azərbaycan tərəfi də doğru siyasət yürüdərək hər zaman elan edib ki, yerli və cinayətə bulaşmamış ermənilər vətəndaşlıq alıb yaşaya bilərlər. Odur ki, separatçıların tör-töküntülərinin hədər yerə çırpınışları əbəsdir. Nə Ermənistan, nə də separatçıların qalıqları heç bir şey edə bilməzlər. Yalnız Rusiya, Fransa, hətta ABŞ kimi maraqlı tərəflərin himayəsi və planı ilə hansısa təxribata cəhd edə bilərlər. Ancaq bunun da onlar üçün ancaq zərəri ola bilər. Ermənistan baş naziri ilin sonunadək sülh müqaviləsinə hazır olduğunu bildirməklə sülhə əngəl olan proseslərin də tənzimlənməsinin özünə aid olan hissəsini öhdəsinə götürmüş oldu".