İrəvan sadə düsturu, prinsipi qəbul etmək istəmir - RƏY

Çərçivə sənədində hər detal öz əksini tapmır


  Ermənistan XİN başçısının müavini Paruyr Ovannisyan deyib ki, rəsmi Bakı hələ ki, sülh müqaviləsi üzrə Ermənistan tərəfinin təkliflərinə cavab verməyib. O bildirib ki, sülh sazişi ilə bağlı son təkliflərinə hələlik cavab almayıblar. Ovannisyan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə əlaqədar müharibə təhlükəsinin mümkün olub-olmadığına bu cür cavab verib: “Bəli, təbii ki, Baş nazir (Nikol Paşinyan -red) də bunu dedi”.
  Politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistan rəsmilərinin açıqlamaları göstərir ki, İrəvan hökuməti ikibaşlı oyunlarından əl çəkmək istəmir. Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan tərəfi İrəvana 5 baza prinsipini təqdim edib:

"Tərəflər arasında sülh müqaviləsinin mətni həmin 5 baza prinsip əsasında hazırlanmalıdır. Çox güman ki, belə bir sənəd var və çərçivə sənədi sayılır. Çərçivə sənədində hər detal, müəyyən məqamlar öz əksini tapmır və tapmamalıdır. Çərçivə sənədində tərəflərin ümumi yanaşmaları əks olunur. Bu da ilk növbədə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Diplomatik münasibətlərin qurulması və s. məsələlər ərazi bütövlüyü kimi vahid prinsiplər əsasında həyata keçirilir. Problem ondadır ki, İrəvan hətta belə sadə düsturu, prinsipi qəbul etmək istəmir. İki daş arasında öz ideyalarını ortaya atır, söz oyunu oynayır, müxtəlif bəhanələrlə prosesi uzadır. Baş nazir Nikol Paşinyan Ermənistanın ərazi bütövlüyü tanınmalıdır deyəndə, əlavə edir ki, bu ərazilər 29.8 min kv.km-dir. Halbuki Ermənistanın ərazisi ondan azdır. İrəvan hökuməti Azərbaycandan əlavə əraziləri özünə qatmağa çalışır. Eyni zamanda anklav kəndlər məsələsində Bakı qarşısında şərtlər irəli sürür. İndi də yeni müharibə riskindən danışırlar".
  Ekspertin fikrincə, Ermənistan rəsmilərinin bəyanatları boş söhbətlərdir və İrəvanın yeni oyunlarıdır: "Paşinyan rəsmi Bakı tərəfindən ona təqdim olunan sülh sənədinə qeyd-şərtsiz qol çəkməlidir. Ancaq baş nazir bunun əvəzinə Avropa Parlamentində sərsəm çıxış edir, Qarabağdan getmiş ermənilərlə bağlı yeni iddialar, tələblər gündəmə gətirir. Bunlar göstərir ki, Paşinyan "sülh müqaviləsini imzalamağa hazırıq" dedikdə heç də səmimi deyil".