Gürcüstanın "3+3" formatına qatılması nə vəd edir? - RƏY

XİN başçıları Tehranda müzakirə apardı

  Dünən Tehranda İran, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə görüş keçirilib. İran, Türkiyə və Rusiya xarici işlər nazirləri Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşərək sülh sazişi istiqamətindəki proqresi müzakirə ediblər. Görüşdə həmçinin siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri də müzakirə olunub. Qeyd olunub ki, Tehran regional məsələlərin "qeyri-regional və Qərb ölkələrinin müdaxiləsi olmadan" müzakirə edilməsini istəyir. İclasın "3+3" formatında olacağı qeyd edilsə də, Gürcüstan XİN ötən gün "3+3" təşəbbüsü çərçivisində Tehranda keçiriləcək görüşdə iştirak etməyəcəyini bəyan edib. Xatırladaq ki, Gürcüstan 2022-ci ildə Moskvada keçirilən görüşə də qatılmaqdan imtina edib. Tbilisi hökuməti imtinanı Rusiyanın iştirakı ilə əlaqələndirib. Hərçənd, Gürcüstanın indiki hakimiyyətinin rusyönlü olması iddia edilərək "altılıq" formatın bu dəfə reallaşacağı deyilirdi. Amma Tbilisi hökuməti Tehrana getmədi.
  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov "Sherg.az"a deyib ki, Gürcüstan "3+3" formatı ortaya çıxan ilk gündən bu formatda görüşlərdə yer almayacağını vurğulayıb. Ekspert diqqətə çatdırıb ki, Gürcüstanın bütün ticari-iqtisadi əlaqələri Azərbaycan üzərindən həyata keçir və hazırda iki ölkə arasında heç bir problem yoxdur:

"Gürcüstanın Tehrandakı görüşə də getməməsinin region ölkələrinin təmaslarını əks etdirən platformaya heç bir mənfi təsiri olmayacaq. Sadəcə olaraq region ölkəsi olduğu üçün Gürcüstanın bölgənin məsələlərinin müzakirə olunduğu "3+3" formatında iştirakı daha məqsədəuyğun hesab olunurdu. Tbilisinin "altılıq" platformasında yer almamasının arxasında duran səbəblərdən biri gürcü hökumətinin mövcud vəziyyətdə ölkə daxilində qarşıdurmanın yaranmasından ehtiyatlanmasıdır. Təbii ki, əsas məqam Rusiyanın Gürcüstanın ərazilərinin bir hissəsini işğal etməsidir. Gürcüstan hökuməti bəyan edir ki, ruslar işğal etdikləri əraziləri geri qaytarmayanadək Rusiya ilə bağlı platformalara qatılmayacaq. Burada Rusiyanın işğalçılıq faktoru ilə bərabər Qərbin və ictimaiyyətin təsiri də mühüm rol oynayır. O baxımdan hökumətin buna gedəcəyi hələ ki mümkün görünmür. Yenə deyirəm, Gürcüstanın olmamasının regional əməkdaşlıq platformasına ciddi təsiri yoxdur".