Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə əlaqədar İsrailə səfərini ləğv edib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib.
“İsrailə səfər proqramım var idi, onu ləğv etdim, səfər olmayacaq”, - o bildirib.
Səfərin ləğvini “Sherg.az”a şərh edən türk siyasətçi və yazar Aydın Sezer söyləyib ki, Türkiyə və İsrail arasındakı münasibətlərin son bir il ərzində yaxşılaşmağa doğru getməkdə idi:
"Xatırlayırsınızsa, İsrail Prezidenti Türkiyəyə gəlmişdi. Daha Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Baş naziri Benyamin Netanyahu ilə Nyu-Yorkdakı türk evində görüşdü. İndi isə biz Netanyahunun Türkiyə ziyarətini gözləyirdik. Bunun ardınca isə Ərdoğan İsrailə gedəcəkdi. Ancaq Qəzzda baş verən hadisələr səbəbiylə Türkiyə Prezidenti olduqca sərt açıqlamalar verərək İsraili və onun arxasında dayanan ABŞ-ni günahlandıran kəlmələrdən istifadə edib. Həmçinin Ərdoğan Qərbdən fərqli olaraq HƏMAS-ın terror təşkilatı olmadığını bildirdi və İsrail səfərini ləğv etdi".
A.Sezerin sözlərinə görə, bu xüsusilə son yaşanan İsrail-HƏMAS gərginliyi səbəbiylə alınmış qərardır:
"Çünki Türkiyə cəmiyyətində Qəzzada mülki əhalinin üzləşdiyi drama qarşı böyük reaksiya var. Bu mənada Ərdoğanın səfəri ləğv etmə səbəbi İsrailə etiraz etmək mənasına gəlir. Ancaq onu da qeyd etmək lazımdır ki, bu addım Türkiyə-İsrail arasındakı münasibətlərin normallaşması səylərini sona çatdırır. Eyni zamanda Qəzza böhranı həll oluna qədər qarşılıqlı səfərlərin olacağını düşünmürəm. Ümumiyyətlə desək, Ərdoğanın səfəri ləğv etməsi siyasi tövr almaq deməkdir".