Armen Qriqoryan ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakı qəbul edib.

APA xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibinin "Facebook" hesabında məlumat verilib.

“Biz Ermənistan ətrafında təhlükəsizlik vəziyyətini müzakirə etdik və Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün aydın səylərin həyata keçirilməsini vurğuladıq.

Ermənistan və ABŞ ikitərəfli gündəliyinin çoxsahəli əməkdaşlığı barədə fikir mübadiləsi apardıq, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğuladıq.

Biz Ermənistan-Amerika iqtisadi əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini qeyd etdik”, - Qriqoryan paylaşımında bildirib.