Ermənistan 2044-cü ilə qədər Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasından birtərəfli qaydada imtina edə bilməyəcək.
Bu iki ölkə arasında Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanan sazişi tədqiq etdikdən sonra məlum olub
Məlumatı Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin də təsdiqləyib.
“Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında bağlanmış müqaviləyə əsasən, müqavilənin müddəti onun bitməsinə 6 ay qalmış tərəflərdən birinin ona xitam vermək niyyətini barədə məlumat vermədiyi təqdirdə avtomatik olaraq növbəti beş illik müddətə uzadılır. Bu müqavilənin müddəalarına tərəflərdən birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında yenidən baxıla bilər”, - Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin “İzvestiya”ya deyib.
Hadisəyə münasibət bildirən politoloq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki, Ermənistan bacara bilsəydi, Rusiya bazasını çoxdan çıxarardı:
"Lakin bununla bağlı heç bir əməli addımlar atılmayıbsa, deməli Ermənistan bunu bacarmır. Gümrüdəki rus bazası ümumi hərbi infrastrukturun tərkib hissəsidir. Bu infrastruktur isə həm Ermənistan sərhədlərinə, həm də hava müdafiə sisteminə nəzarət edir. Bu səbəblə də onun bir komponentini çıxarıb digərini saxlamaq müəyyən ziddiyyətlər yaradar. Ümumiyyətlə Ermənistan tərəfi bu addımı ata bilər. Onsuz da onların ziddiyyətli addımları çoxdur. Lakin ortada şərtlər var və biz müqaviləni dəqiqliklə bilmirik. Yəqin ki, müqavilənin şərtləri Ermənistan üçün ağır gəlir ki, rus bazasının çıxarılması istiqamətində addım ata bilmir".
Xatırladaq ki, Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedev və Serj Sarkisyan tərəfindən 2010-cu ildə imzalanmış Rusiya bazası haqqında müqavilənin 5 saylı protokoluna əsasən, onun Ermənistan ərazisində yerləşmə müddəti 2044-cü ilə qədər uzadılıb.