"Fransanın dəstək mesajları Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziyalar yaradır". Bu barədə politoloq Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib. Ekspert bildirib ki, təəssüflər olsun ki, Nikol Paşinyan və Ermənistan siyasi elitasının Qərbpərəst kəsimi qanlı müstəmləkə keçmişinə malik olan Fransa kimi ölkələrin hazırda Cənubi Qafqazda neokolonializmə can atdığını görmək istəmir:
"Halbuki Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən və niyyətləri sağlam olmayan ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən qurmalıdır. Lakin görünən budur ki, Ermənistan rəhbərliyini ölkəsinin müstəqilliyi yox, yeni havadarlar axtarışı daha çox maraqlandırır. Rəsmi İrəvan ABŞ, Fransa kimi ölkələrin vasitəsilə və Avropa İttifaqının (Aİ) xətti ilə Azərbaycana qarşı təzyiqləri artırmağa və sülh prosesini əngəlləməyə çalışır. Ancaq heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. O cümlədən, dünyanın müxtəlif yerlərindən Azərbaycana qarşı təbliğatı gücləndirən, informasiya savaşı aparan erməni diasporu və lobbisinin hücumları da uğursuzluğa düçar olacaq. Prezident İlham Əliyev də öz bəyanatında bu məqama toxunaraq bildirdi ki, “Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək”.
Analitik vurğulayıb ki, əslində, indi Ermənistan hökuməti də, xaricdəki erməni diasporu da cürbəcür anti-Azərbaycan fəaliyyətlərinə start verməkdənsə, Azərbaycan ilə sülhə can atmalıdırlar: "Azərbaycan sülhə hazırdır. Prezidentimiz də qeyd etdi ki, biz sülhə hazırıq. Lakin söhbət ədalətli sülhdən, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhdən gedir. Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhün bərqərar olmasını istəyir. Ona görə də Fransa kimi ölkələrin Ermənistanı “oyuncaq” dövlətə çevirmək yoluyla regionda sülhü əngəlləməsi cinayətdir. Bu baxımdan, Azərbaycan və İraq liderlərinin mətbuata birgə bəyanatı zamanı Fransanın neokolonialist siyasət yürütməsinin vurğulanması rəsmi Bakının növbəti uğurlu taktiki addımlarından biri sayıla bilər. Fransa rəhbərliyi bundan düzgün nəticə çıxarmalı və yanlış siyasətinə əl gəzdirməlidir".