Xəritələr yenidən gündəmə gələcək
Bu görüş Rusiyanın ürəyincədir, ancaq Qərb Ermənistan üzərindən prosesə müdaxilə edəcək
Yaranmış situasiya delimitasiya komissiyasının görüşünün nəticə verəcəyi gözləntisini azaldır
Noyabrın 30-da Bakı-İrəvan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların növbəti 5-ci iclasının keçirilməsinə razılıq verib. Komissiyaların iclasının keçiriləcəyini Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan da təsdiqləyib. Bəzi ekspertlərin qənaətincə, delimitasiya komissiyasının iclasının sərhəddə baş tutması sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin təmin edilməsi baxımından faydalı ola bilər. Xatırladaq ki, Nikol Paşinyan parlamentdə müzakirələr zamanı vurğulayıb ki, Azərbaycanla üç prinsip üzrə razılaşma var. Bunlar qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin həyata keçirilməsi və kommunikasiyaların bərpası məsələsidir. Düzdür, bu məsələlərlə bağlı müəyyən fikir ayrılıqları var. Rəsmi Bakının mövqeyi odur ki, ötən əsrin 20-ci illərinin xəritələri əsas götürülsün. Ermənistan isə sərhədlərin müəyyən edilməsi zamanı 1975-ci ilə aid xəritənin baza sənədi kimi götürülməsini istəyir. Paşinyan öz çıxışlarında 1975-ci il xəritəsinə dəfələrlə toxunub. Ehtimal ki, komissiyanın sərhəddə keçirilən görüşü fonunda bu məsələlər ətrafında mövqelər bir daha dəqiqləşdiriləcək. Hər halda prosesin başlanmasının özü müsbət hadisə kimi dəyərləndirilir. Ümumən, prosesdə irəliləyişin olması İrəvanın sərhədlərin müəyyən edilməsi məsələsində real davranışından asılı olacaq. Problem ondadır ki, Ermənistan tərəfi hər zaman sözdə prosesə hazır olduğunu bəyan etsə də, əmələ gələndə real addımlardan yayınır. Ümid edək ki, Ermənistan hakimiyyəti qətiyyətini sonadək sürdürəcək. Əgər İrəvan növbəti dəfə siyasi cığallığa yol verməzsə, şərti sərhədlərdə reallaşacaq danışıqların nəticə verməsi mümkündür.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, bu, Bakının sülh danışıqlarının sərhəddə aparılmasına dair təklifinin tam həyata keçirilməsi olmasa da, həm ikitərəfli formatda fəaliyyətin davam etdirilməsi, həm də son dövrlər sülh danışıqları üzərində üçüncü tərəflərin kəskinləşən maraq mübarizəsindən yayınmaq baxımından müsbətdir. Lakin ekspertin sözlərinə görə, açıq qalan suallar var:
"Danışıqlar nəticə verəcəkmi, yaxud “vasitəçilik mübarizəsi”ndə hadisələrin inkişafına necə təsir edəcək? Sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması ötən ilin aprelində Brüssel görüşündə razılaşdırılıb. Görüşün keçirilməsi “razılaşmaların işləməsi” baxımından Qərbin ön plana çıxması görüntüsü yaradır. Lakin tərəflər razılaşma əldə etmək üçün sovet dövrünün xəritələrinə müraciət etməlidir. Bu halda xəritələrin saxlanıldığı Rusiyanın prosesdə ən azı texniki iştirakı qaçılmaz olacaq. Moskva vasitəçiliyini önə çıxarmaq məqsədilə belə imkandan yararlanmağa çalışacaq. Xəritələrə görə Rusiyanın prosesdə iştirakçılığının güclənməsində maraqlı olmayan Qərb isə Ermənistan üzərindən prosesə müdaxilə edəcək. Bu situasiya delimitasiya komissiyasının görüşünün nəticə verəcəyi gözləntisini azaldır. Bunun fonunda tərəflərin delimitasiyanın hansı dövrün xəritələrinə uyğun aparılması, hansı prinsiplərin əsas götürülməsinə dair fikir ayrılığı da qalır".