Analitik: Rusiya sülhməramlılarının işi 2025-ci ildə bitəcək

Azərbaycanın atdığı addımlar adekvatdır və mərhələli həll planına söykənir


  Rusiya sülhməramlılarının Qarabağda rotasiyası başa çatıb və bölgədən çıxarılanların yerinə yenilənmiş kontingentin gətirilməsi həyata keçirilir. “Hraparak” nəşri yazır ki, sülhməramlıların özləri də Qarabağda nə işlə məşğul olacaqlarını dəqiq bilmirlər. Nəşr bildirib ki, əvvəlki kontingent Ermənistan üzərindən Qarabağı tərk edib, onların əvəzinə yenilənmiş kontingentin hərbçiləri bölgəyə daxil olublar. Hətta onların İrəvan üzərindən Qarabağa getdiklərini iddia ediblər. Sülhməramlıların rotasiyasının başa çatdığı rəsmən təsdiqlənib. Qeyd edək ki, artıq Rusiya sülhməramılarının Qarabağda nəzarət zonası yoxdur, onların bölgədə həyata keçirə biləcəyi yeganə fəaliyyət Azərbaycan hərbçiləri ilə birlikdə patrul xidməti yerinə yetirmək və bölgədən çıxarılan erməni silahlı dəstələrindən müsadirə edilən silah-sursatın birlikdə mühafizəsi ola bilər. Bu fəaliyyət üçün  kontingentin əvvəlki sayına ehtiyac yoxdur. 44 günük müharibədən sonra bölgəyə yerləşdirilən sülhməramlıların sayı 1960 nəfər olub. Açıqlanmasa da, rotasiya prosesində rus hərbçilərin böyük hissəsinin Qarabağı tərk etdiyi, yenilənmiş kontingentin sayının daha az olduğu bəllidir. Sülhməramlıların İrəvan üzərindən Qarabağa gəlməsi də iddiadan başqa bir şey deyil. Hərçənd, bunun texniki olaraq mümkünlüyü istisna edilməməlidir. Çünki Rusiyanın Ermənistanda hərbi hava bazası var və mümkündür ki, yenilənmiş kontingent bu baza üzərindən bölgəyə gətirilir.
  
Siyasi şərhçi Azər Niftiyev "Sherg.az"a açıqlamasında deyib ki, 44 günlük savaşla torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Sentyabr ayında isə bir günlük antiterror əməliyyatı nəticəsində Xankəndi və ətrafı düşməndən təmizləndi, separatizmə son qoyuldu. Ekspertin sözlərinə görə, sonrakı addım Rusiya sülhməramlı kontingentin torpaqlarımızdan çıxarılması olmalıdır:
 "Ancaq bu məsələnin prinsipial əhəmiyyət kəsb etdiyi qənaətində deyiləm. Əsas məsələ odur ki, Azərbaycan bu prosesdə üstünlüyü tam ələ alıb. Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu, böyük uğurdur. Beynəlxalq münasibətlər sistemində vəziyyət çox gərgindir. Xüsusən Qərb və anti-Qərb koalisiyası arasında mübarizə, qarşıdurma şiddətlənib. Bu fonda Cənubi Qafqaz regionu da həlledici və həssas mərhələyə daxil olub. Belə məqamda rus sülhməramlıları ilə bağlı məsələni kəskin şəkildə gündəmə gətirməyin nəticəsi olmayacaq. Mandat olaraq rus hərbi kontingentinə 5 il zaman müəyyən olunub və bu müddət 2025-ci ildə bitəcək. Böyük ehtimal, müddət başa çatandan sonra rus sülhməramlı qüvvələri ərazidən çıxacaqlar. Bizim üçün vacib olan məsələ Azərbaycanın suverenliyinin bərpa olunması idi ki, buna nail olduq". 
 
 Analitik diqqətə çatdırıb ki, Xankəndidə hərbi parad keçirildi və artıq vətəndaşlarımızın həmin torpaqlara qayıdış proqramı müzakirə olunur və həyata keçirilir:
 "Rusiya sülhməramlıları bu prosesə heç bir maneçilik törətmir. Qarabağda münaqişə artıq başa çatıb. Ermənistan aydın şəkildə qərbyönlü siyasət yürüdür. Qərb Ukraynadan sonra Ermənistan üzərindən Rusiyaya ikinci cəbhə açmaqdadır. Əsasən hərbçilərdən ibarət olan Avropa İttifaqının "xüsusi missiyası" Ermənistanla şərti sərhədlər boyunca post-patrul xidməti həyata keçirməkdədir. Belə şəraitdə rus sülhməramlı kontingentinin ərazini tərk etmələri ilə bağlı konkret tələb məqsədəuyğun yanaşma sayılmır. Azərbaycanın atdığı addımlar adekvatdır və mərhələli həll planına söykənir. Ona görə də tələsməməli və emosional davranış nümayiş etdirməməliyik. Çalışmalıyıq ki, proses Azərbaycanın mənafeyinə uyğun şəkildə həyata keçsin".