Deputat: Vaşinqtonun Bakı üzərində rıçaqları çox azdır

Ermənilər boşuna həvəslənirlər

Azərbaycan cəmiyyətində ABŞ, Fransa kimi ölkələrin məkrli siyasətlərinə qarşı çox qətiyyətli mövqe ortadadır

“Azərbaycan öz yolu ilə gedəcək. Bizdən fərqli olaraq Ermənistan "xozeynini" dəyişir. Bu da Ermənistana böyük faciələr yaşadacaq"
 

  ABŞ-Azərbaycan arasında yaranmış gərginlik Ermənistanı ruhlandırıb. İrəvan iki ölkənin münasibətlərinin kəskinləşməsini özü üçün fürsət kimi dəyərləndirir və ABŞ və Fransa kimi Qərb dövlətlərinin rəsmi Bakıya təzyiqinin artacağına ümid edirlər. Regional Araşdırmalar Mərkəzinin (RSM) direktoru, erməni ekspert Riçard Kirakosyan da hesab edir ki, müharibədən sonrakı yeni reallıq Ermənistan üçün nə qədər çətin olsa da, Azərbaycan da ABŞ üçün əvvəlkindən daha az əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətinin bu şəkildə azalması Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlıdır. Bu da o deməkdir ki, Pentaqonun Azərbaycanın əməkdaşlığına artıq ehtiyacı yoxdur. Buna baxmayaraq, erməni ekspert etiraf edib ki, ABŞ-nin Bakı üzərində rıçaqları azdır: "Bakı Türkiyədən dəstək almaqla yanaşı, Rusiya ilə də əməkdaşlıq edir. Amerika indi yalnız Bakıya siyasi təzyiq göstərməkdə davam edəcək. Qərbin Azərbaycana qarşı heç bir təsir rıçağı yoxdur”. Qeyd edək ki, ABŞ-Azərbaycan arasındakı gərginliyin səbəbi Vaşinqtonun ölkəmizə qarşı qərəzli siyasət yürütməsi, açıq-aşkar ikili standartlardan çıxış etməsidir. Erməni lobbisinin təsir dairəsində olan amerikalı konqesmenlər bu işdə xüsusi canfəşanlıq etməkdədir. 
  
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ-nin Azərbaycana qərəzi açıq formaya keçib. Deputatın sözlərinə görə, son günlərdə ABŞ Senatı səviyyəsində aparılan müzakirələrdə Dövlət Departamentinin rəsmi nümayəndəsinin sərsəm açıqlamaları, 15 noyabr tarixində Senatın Azərbaycana qarşı “2023-cü il erməniləri müdafiə aktı” qəbul etməsi ölkəmizə qarşı atılan addımların sistemli xarakter daşıdığının göstəricisidir:
 "Görünən odur ki, Azərbaycanın əldə etdiyi çoxsaylı uğurlar, xüsusən, 44 günlük müharibədə qazandığı Zəfər və 24 saatlıq antiterror tədbirləri ABŞ-ni çox narahat edib. Amerika bu uğurları həzm edə bilmir. Digər tərəfdən, Azərbaycan Prezidenti xalqımızın iradəsinə söykənərək müstəqil xarici siyasət yeridir. Bu xarici siyasətdə birmənalı olaraq Azərbaycanın milli və dövlət maraqları nəzərə alınır. Hər hansı bir ölkənin, eyni zamanda ABŞ-nin Azərbaycan üzərində bu və ya digər formada təsir imkanları, rıçaqları yoxdur. Düzdür, ABŞ ayrı-ayrı təşkilatları vasitəsilə Azərbaycanda özünün məkrli planlarını yerinə yetirməyə çalışır. Amerikanın müvafiq qurumları bir sıra QHT-yə, media təmsilçilərinə Azərbaycanda sosial gərginlik yaratmaq, 28 il didərgin həyatı yaşayan soydaşlarımızın öz yurdlarına qayıtmasına mane olmaq, onlar arasında əks-təbliğat apararaq prosesə əngəl törətmək və s. buna bənzər pozucu hərəkətləri reallaşdırmaq üçün maliyyə yardımı göstərirlər. O baxımdan belə təşkilatların Azərbaycanda fəaliyyəti qadağan edilməlidir. Vaxtı ilə SOROS və onun nümayəndəliyi Azərbaycanda "at oynadırdı", amma artıq o, ölkəmizdə yoxdur". 
  
Parlament üzvü vurğulayıb ki, ABŞ və Fransanın Azərbaycana qarşı təzyiq və təhdidlərindən ruhlanan, özlərinə təskinlik tapan ermənilər ümidləniblər: 
"Ermənilər bundan həzz alırlar. Düşünürlər ki, ABŞ və Fransanın ölkəmizə təzyiqləri Ermənistana imkanlar açacaq. Ermənilər də bu imkanlardan istifadə edərək sülh sazişinin bağlanmasında üstün mövqeyə çıxacaqlar. Əlbəttə, ermənilər kökündən yanılırlar. ABŞ və Fransanın Azərbaycana qarşı qərəzli, böhtan dolu fikirlərinə cəmiyyətimizdəki reaksiyalara baxaq. Milli Məclis, KİV, siyasi partiyalar dövlətin və millətin yanındadırlar və ABŞ, Fransa kimi ölkələrin məkrli siyasətlərinə qarşı çox qətiyyətli mövqelərini ortaya qoyurlar. Şübhəsiz ki, Azərbaycan dövləti də XİN səviyyəsində bu mövqeyini açıq və birmənalı şəkildə ifadə edir. Ədalətsiz yanaşmaya qarşı kəskin etirazını bildirir. Tam əminəm ki, ABŞ, Fransa, Kanada və digər ölkələrin bənzər bəyanatları, addımları güclü və qüdrətli Azərbaycanın mövqeyinə zərrə qədər təsir göstərməyəcək. Azərbaycan öz yolu ilə gedəcək. Daha güclü dövlət olaraq problemlərimizi aradan qaldıracağıq. Buna heç kimin şübhəsi olmasın. Bizdən fərqli olaraq Ermənistan "xozeynini" dəyişir. Bu da Ermənistana böyük faciələr yaşadacaq".